Türkiyədə İran ətrafında yaranan vəziyyət ciddi narahatlığa səbəb olub. Türkiyənin diplomatik mənbələrinin məlumatına görə, bazar ertəsi günü Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında ABŞ-ın İrana mümkün hücum təhdidi və regionda baş verən son hadisələr müzakirə olunacaq.
Korrekt.az xəbər verir ki, iclas zamanı Türkiyənin hərbi müdaxiləyə qarşı mövqeyi, eləcə də diplomatiya və dialoqa verdiyi dəstək bir daha təsdiqlənəcək.
Nazirlər eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçinin ötən həftə sonu İstanbula səfərinin nəticələrini, onun Türkiyənin xarici işlər naziri Hakan Fidan və Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşləri, həmçinin Ərdoğanın ABŞ və İran prezidentləri ilə apardığı telefon danışıqlarını nəzərdən keçirəcəklər.
Bununla yanaşı, daha əvvəl “Axios” nəşrinin mənbələrə istinadən yaydığı məlumat da gündəmdə olacaq. Həmin məlumatda Türkiyə, Misir və Qətərin gələn həftə Ankarada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov ilə İranın yüksək vəzifəli rəsmiləri arasında görüşün təşkili üzərində çalışdığı bildirilmişdi.
Lakin Ankaradakı mənbə RİA Novosti-yə açıqlamasında Türkiyə tərəfinin Stiv Vitkov və İran nümayəndələri arasında Ankarada mümkün görüşə hazırlıqla bağlı konkret məlumata malik olmadığını qeyd edib.





















