image-1backend

“İrana yönələn mümkün hərbi addım genişmiqyaslı xaosa səbəb ola bilər” – Ekspert

image-ads-728x90

İqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, İrana hər hansı xarici müdaxilə regionun sabitliyi üçün ciddi təhlükə yarada bilər.

image-media-1-l9wmsuojpk06qn43v2hb

Onun sözlərinə görə, Yaxın Şərq ölkələri bir-biri ilə sıx şəkildə bağlıdır və bu səbəbdən İrana yönələn mümkün hərbi addım domino effekti yaradaraq genişmiqyaslı xaosa səbəb ola bilər.

Ekspert qeyd edib ki, hazırkı mərhələdə ABŞ və İsrailin İrana hərbi zərbə endirməsi real görünmür. Çünki İranda daxili vəziyyət kifayət qədər gərgindir və artıq bir neçə gündür ki, etirazçılar rejim dəyişikliyi tələbi ilə küçələrdədirlər. Arzuman Muradlının fikrincə, bu cür həssas dönəmdə istənilən kənar müdaxilə ölkə daxilində vəziyyəti daha da ağırlaşdırar. O əlavə edib ki, İran iqtisadiyyatı hazırda olduqca ağır vəziyyətdədir və bu da sosial narazılığı dərinləşdirən əsas amillərdən biridir.

İqtisadçı alim vurğulayıb ki, reallıq ondan ibarətdir ki, İran hakimiyyəti ciddi daxili təzyiqlərlə üz-üzədir və proseslər əsasən ölkə vətəndaşlarının öz daxilindən qaynaqlanır. Bu kontekstdə Türkiyənin ABŞ-ın İrana hərbi müdaxiləsinə qarşı çıxması da anlaşılandır.

Arzuman Muradlı xatırladıb ki, ABŞ-ın vaxtilə İraq və Suriyaya hərbi müdaxilələri Türkiyə üçün ciddi təhlükəsizlik və miqrasiya problemləri yaradıb. Bu səbəbdən Ankara hesab edir ki, İrana mümkün müdaxilə Türkiyənin üzərinə əlavə risklər yükləyə bilər.

Ekspertin sözlərinə görə, məhz bu narahatlıqlar fonunda Türkiyə Vaşinqtonla diplomatik təmaslarını intensivləşdirib və müdaxilə ssenarisinin qarşısını almağa çalışır. Eyni zamanda Tehran da Ankaranın bu imkanlarından faydalanmaq niyyətindədir. ABŞ Prezidenti Donald Tramp İranda baş verən zorakılıqlar fonunda İran rəsmiləri ilə təmasları dayandırdığını açıqladıqdan sonra Tehran Ankaraya müraciət edib.

Arzuman Muradlı bildirib ki, İran və Türkiyə xarici işlər nazirləri Abbas Əraqçi və Hakan Fidan qısa müddət ərzində iki dəfə telefon danışığı aparıblar. Tehran Ankaradan Vaşinqtonu mümkün hərbi müdaxilədən çəkindirməsini xahiş edir. Bu danışıqlardan sonra Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriya üzrə xüsusi nümayəndə olan Tom Barrakla görüşüb.

Ekspert xatırladıb ki, Tom Barrak Donald Trampın yaxın çevrəsinə daxil olan şəxsdir və Prezidentlə birbaşa təmas imkanlarına malikdir. Ankara ümid edir ki, Barrak Türkiyənin mövqeyini Trampa çatdıracaq.

Bununla belə, Arzuman Muradlı qeyd edib ki, əgər ABŞ Prezidenti İrana müdaxilə qərarı verərsə, Türkiyənin maraqlarının nəzərə alınacağına dair ciddi zəmanət yoxdur. Ekspert əlavə edib ki, Türkiyə İranda sabitliyin bərpa olunmasını və ölkənin ərazi bütövlüyünün qorunmasını dəstəkləsə də, rəsmi Ankarada İranın uzun illər PKK-nı dəstəkləməsi faktının da unudulmadığını xüsusilə vurğulayırlar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki