İranda prezident Məsud Pezeşkiana qarşı hücum edildiyi iddia olunur.
Korrekt.az xəbər verir ki, hadisə mərhum ali lider Əli Xameneinin vida mərasimi zamanı baş verib. Bildirilir ki, prezidentin iştirak etdiyi tədbirdə naməlum şəxslər tərəfindən hücum cəhdi olub.
“Əş-Şərq Əl-Əvsət” qəzetinin yaydığı xəbərə əsasən, hücumu həyata keçirdiyi bildirilən şəxslər təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
İranın bəzi Telegram kanallarında yayılan iddialara görə, hadisənin arxasında SEPAH-la əlaqəli qüvvələr dayanır. Həmin iddialarda prezident Məsud Pezeşkianın nüvə danışıqlarına müsbət yanaşması, mümkün sülh razılaşmasını dəstəkləməsi və ölkədə daha açıq ictimai mühitin tərəfdarı olması səbəbindən hədəfə alındığı irəli sürülür.
Bununla belə, İranın rəsmi qurumları hadisə və səsləndirilən iddialarla bağlı hələlik açıqlama verməyib. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.





















