image-1backend

Kənd və rayonlarda sahibsiz itlər problemi böyüyür: Heç bir tədbir görülmür

image-ads-728x90

Sosial şəbəkələrdə müzakirə olunan ən ciddi məsələlərdən biri kənd və rayonlarda sahibsiz, eləcə də vəhşiləşmiş itlərin sayının artmasıdır. Ac qalan heyvanların təsərrüfatlara hücum etməsi, mal-qaraya zərər vurması və sakinlər üçün təhlükə yaratması narahatlığı daha da artırır.

Bəs yerli icra hakimiyyətləri və bələdiyyələr bu problemin qarşısının alınması üçün hansı tədbirləri görür? Mövcud hüquqi mexanizmlər niyə problemin tam həllinə imkan vermir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında sosioloq Nail Cəlil bildirib ki, sahibsiz və vəhşiləşmiş itlərin insanlara hücumu yeni problem deyil.

Ermənistan dəmir yumruğu növbəti dəfə dada bilər

“Bu, dəfələrlə müzakirə olunan məsələlərdən biridir. Bununla bağlı müxtəlif təşəbbüslər də var. Ayrı-ayrı bölgələrdə və şəhər mərkəzlərində itlər üçün sığınacaqlar fəaliyyət göstərir. Lakin görünən odur ki, mövcud tədbirlər problemin həlli üçün kifayət etmir. Daha çox qabaqlayıcı tədbirlərə ehtiyac var.

Əgər itlərin sayının artması kütləvi təhlükə yaradırsa, onların zərərsizləşdirilməsi üçün qanunvericiliyə uyğun, təhlükəsiz və humanist üsullar müəyyən edilməlidir. Heyvanların davranışlarını nəzarətdə saxlamaq çətindir. Ona görə də ilk növbədə problemin yaranma səbəbləri araşdırılmalıdır.

Yəqin ki, vəhşiləşmiş itlərin bir qismi insanların ev heyvanlarını küçəyə atmasının nəticəsində meydana çıxır. Bu, müəyyən mənada insan davranışının nəticəsidir. Nəzarətsiz itlərin şəhər mərkəzlərində insanlara qarşı aqressiv davranış göstərməsi, bir-biri ilə dalaşması kimi hallara da tez-tez rast gəlinir”, – deyə sosioloq qeyd edib.

Nail Cəlilin sözlərinə görə, yerli icra hakimiyyətləri və bələdiyyələr məsələyə laqeyd yanaşmamalıdır.

“Yerli icra hakimiyyətləri və bələdiyyələr bu istiqamətdə lazımi tədbirləri görmürsə, insanlar məsələni qaldırmalı və aidiyyəti qurumlara müraciət etməlidirlər. Heyvanlara qarşı amansız rəftar və zorakılıqla bağlı müəyyən qadağalar və cərimələr var. Bu, başadüşüləndir. Lakin insan həyatı hər şeydən önəmlidir. Əgər heyvan insan həyatı üçün real təhlükə yaradırsa, insanların riskli vəziyyətdən qorunması üçün qanun çərçivəsində bütün zəruri tədbirlər görülməlidir.

Addım atılmaması müəyyən mənada biganəlik və laqeydlikdir. Belə məsələlərə adi problem kimi yanaşmaq olmaz. İnsanlar da bəzən təhlükəni ciddi qəbul etmirlər, lakin qəfil belə hadisələrlə qarşılaşa bilərlər.

Ona görə həm cəmiyyət, həm yerli icmalar, həm də icra hakimiyyətləri şəhərlərdə, kəndlərdə və təsərrüfat ərazilərində bu məsələyə həssas yanaşmalıdır. Heyvanların ac qalmasının qarşısını almaq, vəhşiləşmiş heyvanları nəzarətə götürmək və sığınacaqlara yerləşdirmək daha məqsədəuyğundur.

Təbii ki, heyvanların nəsli də davam etməlidir, onların kökü kəsilməməlidir. Amma bu proses mütləq nəzarət altında aparılmalıdır. Ac qalan və vəhşiləşən heyvan özünə yem axtarır. Bu baxımdan məsələ ciddi nəzarətdə saxlanılmalı, yerli icra hakimiyyətləri isə əhalini maarifləndirməlidir”, – deyə sosioloq əlavə edib.

Vəkil: Azərbaycanda sahibsiz heyvanlarla bağlı hüquqi baza var

Vəkil Fuad Məmmədov isə bildirib ki, Azərbaycanda sahibsiz heyvanlarla bağlı müəyyən hüquqi baza mövcuddur.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2011-ci ildə qəbul etdiyi qərarla ev heyvanlarının saxlanılması və onlara münasibətlə bağlı qaydalar müəyyənləşdirilib.

“Həmin qaydalara əsasən, heyvanlarla rəhmsiz rəftar qadağandır, sahiblərin heyvanları küçəyə atmasına yol verilmir və sahibsiz heyvanların müvafiq qurumlar tərəfindən götürülməsi nəzərdə tutulur.

Bundan başqa, yerli icra hakimiyyətlərinin də bu sahədə müəyyən məsuliyyətləri var. Ev heyvanlarına lazımi qaydada qulluq etməyən şəxslər üçün inzibati məsuliyyət və cərimələr də nəzərdə tutulub.

2025-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti yanında “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” də yaradılıb. Mərkəzin fəaliyyət istiqamətlərinə sahibsiz heyvanların uçotunun aparılması, peyvəndlənməsi, sterilizasiyası və zəruri hallarda evtanaziyası daxildir”, – deyə vəkil bildirib.

Ekspertlərin fikrincə, mövcud hüquqi mexanizmlərin və aidiyyəti strukturların fəaliyyəti problemin miqyasına uyğun səviyyədə deyil. Xüsusilə rayon və kəndlərdə sahibsiz itlərin sayının artması göstərir ki, yalnız hadisə baş verdikdən sonra tədbir görmək problemin həlli üçün kifayət etmir.

Problemin uzunmüddətli həlli üçün sahibsiz heyvanların sistemli uçotunun aparılması, bölgələrdə sterilizasiya və peyvəndləmə işlərinin genişləndirilməsi, sığınacaqların imkanlarının artırılması, ev heyvanlarının küçəyə atılmasının qarşısının alınması və əhali arasında maarifləndirmənin gücləndirilməsi vacibdir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki