“Məhəllə” filminə baxanların yəqin ki, yadında qalan səhnələrdən biri elçilik epizodudur. Məhəllə sakinləri qız evinə elçiliyə hazırlaşarkən qızın atasının professor olduğunu eşidirlər. Lakin elçilik zamanı məlum olur ki, “professor” həmin şəxsin elmi adı deyil, kriminal aləmdəki ləqəbidir.
Gerçək həyatda isə buna bənzər, hətta daha qeyri-adi bir həyat hekayəsi yaşanıb. Söhbət Gürcüstanın siyasi və kriminal tarixində iz qoymuş Caba İoselianidən gedir.
Caba İoseliani 1926-cı ildə Gürcüstanın Xaşuri şəhərində anadan olub. Gənclik illərində cinayət əməllərinə görə bir neçə dəfə həbs edilib. 1948-ci ildə Leninqradda bank soyğununda iştirak etdiyi üçün uzunmüddətli həbs cəzası alıb və 1965-ci ildə azadlığa çıxıb. Amnesty International da onun 1965-ci ildə əfv edilərək azadlığa buraxıldığını və bundan sonra teatrşünas və professor kimi fəaliyyət göstərdiyini qeyd edir.
İoselianinin həyatının ən diqqətçəkən məqamlarından biri məhz bundan sonra başlayıb. O, yarımçıq qalmış təhsilini davam etdirərək Tbilisi Teatr İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Gürcüstan Milli Parlament Kitabxanasının bioqrafik məlumatına görə, İoseliani 1973-cü ildə teatrşünaslıq fakültəsini bitirib və sonrakı illərdə həmin institutda elmi və inzibati vəzifələrdə çalışıb.
Mənbələr onun daha sonra elmi fəaliyyətlə məşğul olduğunu və professor kimi çalışdığını təsdiqləyir. Amnesty International 1991-ci ildə onu Şota Rustaveli Teatr İnstitutu və Tbilisi Dövlət Universitetinin professoru və dramaturq kimi təqdim edirdi.
Beləliklə, bir vaxtlar həbsxana həyatı yaşamış və kriminal aləmdə adı hallanan İoseliani sonradan akademik mühitdə dərs deyən professor kimi tanınmağa başlayıb.
İoselianinin həyatının növbəti mərhələsi isə onu Gürcüstanın siyasi tarixinin mərkəzinə gətirib çıxardı.
1989-cu ildə o, “Mxedrioni” adlı silahlı təşkilatın yaradıcılarından və liderlərindən biri oldu. Təşkilat Gürcüstanın müstəqilliyi uğrunda mübarizə aparan silahlı qurumlardan biri kimi fəaliyyət göstərirdi.
1991-ci ildə Gürcüstanın ilk seçilmiş prezidenti Zviad Qamsaxurdiyanın hakimiyyəti ilə İoseliani arasında qarşıdurma daha da kəskinləşdi. “Mxedrioni”nin fəaliyyəti qadağan edildi və İoseliani həbs olundu.
Lakin 1991-ci ilin sonlarında həbsdən qaçan İoseliani müxalif hərbi qüvvələrlə birləşdi. O, Milli Qvardiyanın üsyançı hissələri ilə birlikdə Qamsaxurdiyanın devrilməsi ilə nəticələnən silahlı çevrilişdə əsas fiqurlardan birinə çevrildi. 1992-ci ilin yanvarında Qamsaxurdiya hakimiyyətdən uzaqlaşdırıldı.
“Qanuni oğru”, professor, siyasətçi
Caba İoselianinin həyatı bu baxımdan keçmiş Sovet məkanında nadir nümunələrdən biri hesab oluna bilər. O, eyni həyat hekayəsində kriminal aləmin “qanuni oğru” statusunu, elmi-akademik fəaliyyəti və yüksək səviyyəli siyasi hakimiyyət mübarizəsini birləşdirib.
1992-ci ildə yaradılan Gürcüstan Hərbi Şurasının rəhbərlərindən biri olan İoseliani ölkənin siyasi həyatında mühüm gücə çevrildi. Daha sonra parlament üzvü də oldu.
Lakin onun siyasi fəaliyyəti də mübahisələrdən uzaq olmadı. 1995-ci ildə həbs edilən İoseliani 1998-ci ildə banditizm, terrorizm və Eduard Şevardnadzeni öldürməyə cəhddə iştirakla bağlı ittihamlarla 11 il müddətinə azadlıqdan məhrum edildi. O, ittihamları rədd edirdi. 2000-ci ildə amnistiya nəticəsində azadlığa buraxıldı.
Caba İoseliani 2003-cü il martın 4-də Tbilisidə 76 yaşında vəfat edib.
Onun həyat hekayəsi bir çox cəhətdən paradokslarla doludur: cinayət dünyasından akademik mühitə, oradan isə silahlı siyasi mübarizənin ön sıralarına çıxan İoseliani XX əsrin sonlarında Gürcüstanda baş verən dramatik proseslərin ən mübahisəli simalarından biri olaraq tarixdə qalıb.
Yadigar Sadıqlı





















