Rusiyada aviaşirkətlərə təyyarədəki oturacaq sayından çox bilet satmağa icazə veriləcək.
Korrekt.az xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Andrey Nikitin məlumat verib.
Nazirin sözlərinə görə, Nəqliyyat Nazirliyi aviaşirkətlərə uçuşlarda təyyarənin tutumundan artıq rezervasiya aparmağa imkan verəcək qanunvericilik dəyişiklikləri hazırlayıb.
“Uçuşlarda həmişə sözdə gəlməyən sərnişinlər olur – gecikənlər, səfərini təxirə salanlar və ya uçuş günü fikrini dəyişənlər. Nəticədə təyyarədə boş yerlər qalır”, – deyə Nikitin RİA Novosti-yə bildirib.
Yeni mexanizmə əsasən, aviaşirkətlər uçuşa gələn sərnişinlərin sayının satılmış biletlərin sayından çox olduğu hallarda alternativ uçuş və rahat gözləmə şəraiti təmin etməli, səfərini təxirə salmağa razı olan sərnişinlərə isə kompensasiya ödəməlidirlər.
İlkin mərhələdə overbooking sisteminin uçuşların tez-tez həyata keçirildiyi istiqamətlərdə tətbiqi nəzərdə tutulur.
Aviaşirkətlər əlavə gəlir əldə edə bilər
Overbooking dünya aviasiya sektorunda təyyarələrin doluluğunun idarə olunması üçün geniş istifadə olunan mexanizmlərdən biridir.
Rosaviatsiya İctimai Şurasının sədri Nikolay İvanovskinin sözlərinə görə, aviaşirkətlər uzun müddətdir sərnişinlərin uçuşa gəlməməsi ehtimalını statistik modellər vasitəsilə hesablayırlar. Bu məlumatlar əsasında daşıyıcılar təyyarədəki real oturacaq sayından bir qədər çox bilet sata bilirlər.
Lakin bütün sərnişinlərin uçuşa gəlməsi halında bəzi şəxslər üçün təyyarədə yer çatışmazlığı yarana bilər. Mütəxəssislər belə hallarda ən sivil həll yolunun könüllü sərnişinlərin tapılması olduğunu bildirirlər. Bu sərnişinlərə kompensasiya ödənilməsi və səfərin başqa reysə keçirilməsi təklif edilə bilər.
Overbooking təcrübəsi hazırda Rusiya qanunvericiliyində ayrıca təsbit olunmayıb. 2026-cı ildə məhkəmə belə praktikanı qanunsuz hesab edib.
Belə ki, yanvar ayında Novosibirsk vilayətinin Ob Şəhər Məhkəməsi S7 Airlines şirkətinə qarşı işə baxaraq daşıyıcının əleyhinə qərar çıxarıb.
Rusiyada overbooking-in qanuniləşdirilməsi təklifinə Rusiya Turizm Sənayesi İttifaqı (RUTİ) də ehtiyatla yanaşır.
RUTİ prezidenti İlya Umanskinin sözlərinə görə, belə bir sistem tətbiq edilməzdən əvvəl kompensasiya və digər hüquqi mexanizmlər dəqiq müəyyənləşdirilməlidir.
O qeyd edib ki, turist uçuşa çıxa bilmədikdə onun əvvəlcədən ödədiyi digər turizm xidmətləri – otel, transfer və digər rezervasiyalar da risk altında qala bilər. Bu halda yaranan maliyyə itkilərini turoperatorlar öz üzərinə götürməli olurlar.
Umanskinin fikrincə, Rusiyada overbooking tətbiqinə başlanmazdan əvvəl sərnişinlərin, aviaşirkətlərin və turoperatorların maraqlarını nəzərə alan hərtərəfli kompensasiya mexanizmi hazırlanmalıdır.





















