“Bu il Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. Artıq 11-ci aydır, bu vəsaitdən cəmi 41 faiz istifadə olunub. Növbəti il üçün sifarişlər 12 milyon manat təşkil edir. Qalan vəsaitin həmin sifarişləri ödəyəcəyi qənaətindəyik”.
Müzakirələr zamanı bir sıra deputatlar bu qərardan narahatlıqlarını ifadə ediblər. Deputat Günay Əfəndiyeva bildirib ki, kino sənayesi təkcə aktyor və rejissorlardan ibarət deyil: “Kino yalnız ekran qarşısında gördüyümüz simalarla məhdudlaşmır. Bu sahənin görünməyən qəhrəmanları – səs rejissorları, montajçılar, işıq ustaları, rəqəmsal texniki heyət – industriyanın dayanıqlı inkişafında mühüm rol oynayır.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir çox dəyərli filmlər çəkilib və yenilərinin də istehsalı planlaşdırılır. Ona görə də büdcədə kino sahəsinə vəsaitin ayrılmaması müəyyən narahatlıq doğurur. Kino mədəniyyətimizin tərkib hissəsi olmaqla yanaşı, həm də ideoloji, mənəvi və informasiya gücünə malikdir”.
Məsələyə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu da münasibət bildirib: “Gələn il kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bu barədə açıqlama verəcəklər. Kinoya vəsait ayrılmaması ciddi təhlükə yaradır – bu sahədə çalışan mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə isə kinomuzun inkişafı mümkünsüz olacaq”.

Rəfael Hüseynov
Milli Məclisin sədr müavini Rəfael Hüseynov da Polad Bülbüloğlunun fikirlərini dəstəkləyib. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə kino sektorunda görülən işlər barədə məlumat verib: “Hazırda Azərbaycanda Vətən müharibəsi mövzusunda beş film çəkilir. Tarixi filmlərin istehsalı yeni istiqamətdir və bu sahədə Türkiyə ilə əməkdaşlıq həyata keçirilir. Xarici film istehsalçıları Azərbaycanı tərənnüm edən filmlər çəkdikdə xərclərin 40 faizini dövlət qarşılayır. Buna görə də Kino Agentliyinə ayrılan vəsaitin artırılması vacibdir”.
Mövzuya Kino Agentliyi də münasibət bildirib: “Hazırda ARKA-nın hesabında qalan 4,5 milyon manat yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəlib. Dövlət dəstəyinin davamlılığı kino sənayesinin sabit inkişafı üçün həlledici əhəmiyyət daşıyır”.

Ramiz Həsənoğlu
Xalq artisti, görkəmli rejissor Ramiz Həsənoğlu açıqlamasında bildirib ki, kino ilə bağlı heç nə həll olunmur: “Vəzifələr təyin olunur, təşkilatlar müəyyən göstərişlər verirlər, amma kino yerindən tərpənmir. Məni ağrıdan budur. Bəzi incəliklər var ki, mənim başım çıxmır. Kino Agentliyi o pulun yarısını niyə xərcləməyib? Bunu bilmək istərdim, mənə bu məsələ bir qədər aydın deyil. Hər halda, dövlət miqyasında, ən yuxarı eşelonların iştirakı ilə həll olunası problemdir. Ümumiyyətlə, yaxşı kino çəkmək maddiyyət tələb edir. Kino çəkmək pul xərcləmək deməkdir. Ucuz, tez və yaxşı anlayışı kino üçün yaddır. Keyfiyyətli iş vaxt, məşğulluq və vəsait tələb edir. Hollivudda hesablayıblar, kino çəkilişində 96 peşə fəaliyyət göstərir. Hər birinin öz problemi var və onu həll etmək lazımdır. Mən sonuncu dəfə 2012-ci ildə “Sübhün səfiri” filmini çəkmişəm. Ondan sonra kino ilə məşğul olmadım. Amma fikrim var idi ki, yazıçı Anarla Cəfər Cabbarlı haqqında film çəkək. Söz verdilər, lakin heç nə etmədilər. Kinomuzda çıxılmaz vəziyyət yaranıb, nə yüksək, nə də kiçik vəzifədə işləyənlər bunun səbəbini izah edə bilmir. Dünyadakı kino istehsalat mexanizmindən bəhrələnmək lazımdır. Ən yaxşı variantları tətbiq etməklə bürokratiyadan, lazımsız komissiyalardan qurtulmaq olar. Kino ilə bağlı qərar verən adam bu işdən baş çıxarmağı bacarmalıdır”.

Ayaz Salayev
Kinorejissor Ayaz Salayev mövzu ilə bağlı bunları deyib: “Burada söhbət puldan deyil, kinoya və incəsənətə münasibətdən, hörmətdən gedir. Bu adamlar mədəniyyətin əhəmiyyətini anlamırlar. Çünki onların səviyyəsi mədəniyyətin səviyyəsini anlayacaq qədər deyil. Belə bir şəraitdə kinomuzun və xalqın inkişafından söhbət gedə bilməz. Gözümüzü açıb görəcəyik ki, gözdən iraq qonşularımız hər yerdən uğur qazanır, incəsənət inkişaf edir, biz isə geri qalmışıq. Kino millətin güzgüsü olmalıdır. Xalq özünü kino və ədəbiyyat vasitəsi ilə dərk etməlidir. Bu sözlər belə adamlara çatmır, onların gözündə incəsənət boş şeydir. Səviyyə budur, başqa cür ifadə edə bilmirəm. Kinomuz çox dəhşətli bir deqradasiyaya doğru gedir”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov bildirib ki, Maliyyə Nazirliyinin açıqlaması qəbuledilməzdir: “Nazirlik deyir ki, “siz xərcləməmisiniz və biz də ona görə maliyyə ayırmırıq”. Bu açıqlamanın məntiqini də qəbul etmirəm. Dövlətçiliyimizin elə mərhələsidir ki, Qarabağ qələbəsindən sonra kino dövlətin dotasiyasında olan sahə olmalıdır. Yəni Maliyyə Nazirliyi nəzarəti gücləndirməli, amma maliyyələşməni də dayandırmamalıdır. Nəzarəti gücləndirməyə ehtiyac var, xüsusilə aidiyyəti strukturlarda kadr siyasətində diqqətli olmaq lazımdır. Kino sahəsinə aidiyyəti olmayan insanlar gətirilir. Onların kino və incəsənət təcrübəsi yoxdur.
Dövlətin kinoya ayırdığı vəsait indiki mərhələdə vaxtında və ağılla xərclənsə, kifayət qədərdir. Vaxtında və ağılla xərclənmir. O büdcəyə dövlət sifarişi ilə bir istehsal ili ərzində ən azı 10 tammetrajlı film çəkmək olar”. “Yeni Müsavat”





















