“Kirayə evlərin qiymətində heç bir enmə müşahidə olunmur”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Ekspert kirayə evlərin qiymətinin enməməsini satış qiymətlərinin hər ay artması ilə əlaqələndirib:
“Satış qiyməti artdıqca kirayə qiymətinə təsir göstərir. Kirayə qiymətlərinin enməsi ilə bağlı mənzil bazarında hələ heç bir gözlənti yoxdur. Köhnə mənzil fondu sökülür. Həmin binalar söküldükcə, ucuz mənzillər kirayə bazarından birdəfəlik çıxmış olur. Onların yerində yeni binalar inşaa olunur. Həmin binalardakı kirayə evlərin qiyməti isə kəskin şəkildə artır”.

Elnur Fərzəliyev 28 may və Nizami metrostansiyalarının ətrafında yerləşən kirayə evlərinin qiymətinin həmişə baha olduğunu vurğulayıb:
“Şəhərin mərkəzi hesab edildiyindən orada evlərin kirayəsi digər ərazilərə nisbətən həmişə baha olub. Evlərin qiymətinə təsir edən amillər var. Bu iki stansiyalardan daha çox istifadə edən tələbələrdir. Ali təhsil müəssisələrinin bir neçəsi 28 may metrostansiyasına yaxın ərazidə yerləşir. Həmin ali təhsil müəssisələrində təhsil alan tələbələr müəyyən müddət gediş-gəlişdə əziyyət çəkəcəklər. Düşünürəm ki, müəyyən zamandan sonra problem aradan qalxacaq”.





















