Son günlər sosial şəbəkələrdə Kontakt Home mağazalar şəbəkəsi ilə bağlı şikayətlərin artdığı müşahidə olunur.
Korrekt.az xəbər verir ki, TikTok platformasında paylaşım edən istifadəçilərdən biri şirkət tərəfindən aldadıldığını iddia edib. Onun sözlərinə görə, 2025-ci il dekabrın 31-də kreditlə aldığı iPhone telefonu ilə birlikdə təqdim edilən USB kabel və şarj başlığında problem yaranıb. Müştəri bildirib ki, cəmi bir ay istifadə etdiyi USB naqili işlək vəziyyətdə deyil.
Məsələ ilə bağlı şirkətin qaynar xəttinə müraciət edən istifadəçi “Kontakt Home” tərəfindən əməkdaşlıq edilən servislərə yönləndirilib. Lakin servisdə USB kabelin qəbul edilmədiyi, yalnız şarj başlığının təmir oluna biləcəyi bildirilib. Daha sonra şirkətlə yenidən əlaqə saxlayan müştəriyə “yalnız telefonlara zəmanət verilir, aksesuarlara yox” cavabı verildiyi iddia olunur.
Şikayətçi əlavə edib ki, təqdim edilən USB kabelin keyfiyyəti orijinal məhsullara uyğun deyil və onun saxta olması ehtimal edilir. O, məhsulu qutuda aldığı üçün əvvəlcədən bunu yoxlamadığını qeyd edib. Paylaşımın ardından şirkət nümayəndələrinin onunla əlaqə saxladığı bildirilsə də, problemin hələ də həll olunmadığı vurğulanır.
Sosial şəbəkə istifadəçiləri də şərhlərdə oxşar hallarla qarşılaşdıqlarını qeyd edərək, bunun ilk belə hadisə olmadığını bildiriblər.
Digər iddialara görə, şirkətin rəhbəri kimi təqdim olunan sabiq deputat Elnur Allahverdiyev ilə bağlı da narazılıqlar mövcuddur. Bildirilir ki, bəzi müştərilər kredit ödənişlərini tamamlasa belə, gecikmə faizləri səbəbindən borcun artmaqda davam etdiyini iddia edirlər. Həmçinin, onunla əlaqə saxlamağın çətin olduğu qeyd olunur.
Qeyd olunan iddialarla bağlı qarşı tərəfin rəsmi mövqeyi açıqlanmayıb.





















