image-1backend

KTMT parçalanır: Qazaxıstan və Qırğızıstan hansı qərarı verəcək?

image-ads-728x90

Qazaxıstan və Qırğızıstanın Ukrayna ilə Belarus arasında mümkün hərbi qarşıdurma halında KTMT çərçivəsində Belarusa hərbi dəstək verməyə hazır olmadığı bildirilir.

Korrekt.az xəbər verir ki, bu barədə Exclusive.kz saytı “Незыгарь” Teleqram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, son günlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəallıq artıb. Astana və Bişkek Ukrayna münaqişəsinə cəlb olunmaq ehtimalı ilə bağlı narahatlıqlarını ifadə edirlər.

İddialara əsasən, Qazaxıstan rəhbərliyindəki mənbə bildirib ki, Prezident Kasım-Jomart Tokayev 22–23 iyun tarixlərində Brüsselə rəsmi səfəri zamanı Avropa İttifaqı rəsmiləri ilə görüşdə Belarus və Ukrayna arasında gərginlik mövzusunu müzakirə edib. Bildirilir ki, Tokayev münaqişənin qonşu dövlətləri də əhatə edə biləcəyindən narahatlığını ifadə edib, lakin konkret hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.

Mənbənin sözlərinə görə, həm Qazaxıstan, həm də Qırğızıstan nümayəndələri bəyan ediblər ki, KTMT müqaviləsi çərçivəsində kollektiv hərbi yardımın göstərilməsi ilə bağlı qərarlar milli parlamentlər tərəfindən təsdiqlənməlidir. Bununla yanaşı, belə bir qərarın parlamentlərdə ciddi fikir ayrılığı yaradacağı ehtimal olunur.

Məlumatda həmçinin qeyd edilir ki, KTMT katibliyi tərəfləri ehtiyatlı davranmağa çağırır və Belarus rəhbərliyini mümkün eskalasiyanın qarşısını almaq üçün diplomatik yollar axtarmağa təşviq edir.

Bundan başqa, iddiaya görə, Qırğızıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Belarusa qarşı mümkün təcavüz faktı əvvəlcə BMT və ya BMT Təhlükəsizlik Şurası tərəfindən rəsmi şəkildə tanınmalıdır. Onun sözlərinə görə, belə bir qərar olmadan KTMT-nin kollektiv müdafiə mexanizminin işə salınması hüquqi baxımdan mübahisəli ola bilər.

Qeyd edək ki, bu məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və hazırda tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki