Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə Şabran sakini Vüsalə Balayevanın apellyasiya şikayətinə baxılacaq.
Korrekt.az xəbər verir ki, Vüsalə Balayeva Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən qanunsuz işdən çıxarılmasından şikayətçidir.
O, iddiası üzrə Şabran Rayon Məhkəməsinin hakimi Könül Mirzəfərovanın çıxardığı qətnaməni qanunsuz və əsassız hesab etdiyindən apellyasiya qaydasında araşdırılmasını tələb edib. Mübahisənin mərkəzində isə Vüsalə Balayevanın xəstəliyi ilə əlaqədar bülletendə olduğu zaman işdən çıxarılması dayanır.
İddiaçı deyir ki, Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəis əvəzi Asif Nəsibov tərəfindən heç bir xəbərdarlıq edilmədən, intizam tənbehi tətbiq olunmadan birbaşa işdən azad edilib. Hakim Könül Müzəffərova bu sübut ortada ola-ola onun haqqını bərpa etməyib, qanunsuz və əsassız qətnamə çıxarıb.
13 il dezinfeksiya-sanitar xidmətində çalışdığını deyən Vüsalə Balayeva xəstə olduğu dövrdə, rəsmi bülleten əsasında əmək qabiliyyətini müvəqqəti itirdiyi halda işdən çıxarılmasına apellyasiya instansiyasında ədalətli yanaşılacağına ümidli oduğunu gizlətmir:
“Xəstə olduğumu yazdım, bülletenə çıxacağımı bildirdim. Asif müəllim izahatı qəbul etdi. Amma bülletenlə evdə olduğum gün məni işdən çıxarıb. Həkimə də irad bildirib ki, niyə mənə bülleten açıb. Daha sonra rəhbərlik sistemdən bülleten məlumatlarımı silib”.
İddiaçı qeyd edir ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib. Onun fikrincə, bu addım gələcəkdə başqa iş tapmasına mane olmaq məqsədi daşıyır.
Şabran məhkəməsində keçirilən prosesdə diqqət çəkən məqamlardan biri də cavabdeh tərəfin təqdim edə bilmədiyi sənədlərlə bağlı olub. Belə ki, Asif Nəsibov məhkəmədə bildirib ki, Balayevanın məsələsi həmkarların iclasında müzakirə olunub və qərar qəbul edilib. Lakin hakim Könül Mirzəfərova həmin iclasın rəsmi protokolunun təqdim edilməsini tələb etsə də, cavabdeh tərəf belə bir sənəd təqdim edə bilməyib. Bundan başqa, məhkəmə tabel sənədlərindəki imzaların surətlərinin də təqdim olunmasını istəyib.
Vüsalə Balayeva daha bir ciddi iddia da səsləndirib. O bildirib ki, işdən çıxarılmazdan əvvəl rəis əvəzi tərəfindən ondan maaş kartının təqdim edilməsi tələb olunub. Bu tələbi qanunsuz hesab etdiyi üçün imtina etdiyini deyən iddiaçı bundan sonra təzyiqlərlə üzləşdiyini bildirib./musavat/





















