image-1backend

Məzahir Məmmədlidən AzMİU-ya tənqid: “Universitetdə nə dəyişib?”

image-ads-728x90

“Azərbaycanda universitetlər Dövlət İmtahan Mərkəzinin nəticələrindən asılı olaraq oturub gözləyirlər ki, hansı abituriyentləri biz seçəcəyik. Ancaq fərqli düşünən rektorlar da var. Məsələn, artıq blok imtahanlarının başlanması ərəfəsində bir neçə rektor var ki, onlar həmişə bu məsələdə kifayət qədər fəal olurlar. Nəticələrə görə, məsələn, hər il ən yüksək nəticə göstərənlər və prezident təqaüdçüsü olan abituriyentlər məhz Bakı Ali Neft Məktəbində olur. Çünki rektor özü hər bir şeylə maraqlanır. Bir sözlə, universitetin reytinqini qaldırmaq üçün addımlar atır”.

Korrekt.az xəbər verir ki, bunu “Baku TV”də yayımlanan “Hansı ixtisas?” verlişində təhsil eksperti Məzahir Məmmədli deyib.

“Məsələn, Qarabağ Universiteti, rektoru və onun xüsusi piar komandası çox böyük işlər aparırlar və artıq bu istiqamətdə paylaşımlarından görünür ki, ən yüksək ballı abituriyentlər məhz Qarabağ Universitetini seçirlər. Deyək ki, bu gün Azərbaycanda pedaqoji kadrlar hazırlayan nə qədər universitet var, amma inşaat mühəndisləri hazırlayan cəmi bir universitet var. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru 1999-cu ildən bu universitetə rəhbərlik edir (Gülçöhrə Məmmədovanı nəzərdə tutur – red.). Nə dəyişib və bundan sonra nə dəyişəcək? Sadəcə oturub gözləyəcək ki, görüm inşaat mühəndisi olmaq istəyən kimləri mən götürüm. Çevik idarəetmə, yenilik olmayanda, əlbəttə ki, artıq ora tələbə üçün də maraqsızdır.

Ona görə də bir təbliğat getməlidir. Niyə, məsələn, bu gün 670-dən üzərində bal toplayan şəxs artıq düşünür ki, mən Qarabağ Universitetindəki tibb fakültəsini seçəcəyəm? Və yaxud da 600-ün, 650-nin üzərində bal toplayan III qrupdan olan şəxs deyir ki, mən hüquqşünaslığı mütləq Qarabağda oxuyacağam. Abituriyentlərə çatdırılmalıdır ki, mən sizə bu təminatı verirəm, mən sizə bu təqaüdü verirəm, mən sizin oxumağınız üçün bu laboratoriyaları qurmuşam, bu şəraiti yaratmışam. Rektor əgər çıxıb bunu ürəklə deyə bilirsə, gedişat uğurlu olur”, – deyə o vurğulayıb.

M.Məmmədli qeyd edib ki, bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin həm bakalavrlar, həm də magistrlər üçün PR sənədlərini görüb:

“Bunu həm media üçün yaydılar, həm də sosial şəbəkələr üzərindən. İnandırım sizi ki, mən hələ bilmirdim ki, belə ixtisaslar, belə imkanlar var. Mənim üçün də yenilik oldu. Deməli, abituriyent üçün bu, ikiqat yenilikdir. Ona görə də, məsələn, bu PR kampaniyasına nə qədər ki, universitetlər özləri qoşulmayıblar, onlar oturub sadəcə olaraq gözləyəcəklər ki, nə olacaq.

Məsələn, Bakı Biznes Universiteti 30 ildir mövcuddur, amma kim bilir, heç orada hansı fakültələr var? Bəzi hallarda rektorlar yaşlı və cavan rektorlara ayrılır. Amma bu belə deyil. Çünki Lənkəran Dövlət Universitetində böyük bir kampaniya gedir. Rektorun yaşı 60-ın üzərindədir, amma kifayət qədər çevik idarəetmə, iş strukturu qurub. Yaxud da Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin olunub. Yaşı 70-in üzərindədir, amma gördüyü işlər, abituriyentləri qəbul etməsi, onlarla iş aparması təqdirəlayiqdir.

Universitetlər var ki, tarixi yaşı 100-ə çatan, 100-ü ötənlər olur. Amma onların heç birində Lənkəran Dövlət Universitetində olan laboratoriyalar, yeni laboratoriyalar, yeni tikilmiş yataqxanadakı şərait yoxdur. Bəli, Lənkəran Dövlət Universitetini region tələbələri bir vaxtlar ikinci dərəcəli universitet kimi görürdülər, amma artıq bu gün oranı məmnuniyyətlə seçirlər və orada çox böyük rəqabət yaranıb”.

Onun sözlərinə görə, kimlər özlərini təqdim edə bilirlərsə, abituriyentləri qəbul etməyə hazırdırsa, uğurlu olurlar:

“Valideynlər kateqoriyalara bölünüb artıq. Məsələn, hansı babanın, nənənin o nəvəyə təsir gücü mexanizmi varsa, o, sovet stereotipi ilə yanaşır. Məsələn, o deyir ki, mütləq ya həkim olmalıdır, ya hüquqşünas olmalıdır.

Bizdə yerquruluşu, kadastr kimi ixtisaslar var. Heç kim bu ixtisaslara getmir, 150-200 balla gedirlər o ixtisaslara. Yaxud da aqronomluq, zoomühəndislik, zoobaytarlıq. Bunlara biz gözləyirik ki, ən axırda boş qalan yerlərə və yaxud da 150-200 ballıq abituriyentlər ora gedəcəklər. Amma bunlar gələcək üçün vacib olan ixtisaslardır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki