İranın ali rəhbəri Müctəba Xameneyi ABŞ ilə razılaşdırılmış İslamabad Memorandumu çərçivəsində nəzərdə tutulan əsas şərtlərlə bağlı sosial media hesabında paylaşım edib. O bildirib ki, memorandumun təsdiqlənməsindən sonra İran rəhbərliyi sənəddə əks olunan öhdəliklərin yerinə yetirilməsini gözləyir.
Korrekt.az xəbər verir ki, Xameneyi paylaşımında memorandum üzrə yeddi əsas gözləntini açıqlayıb:
Hərbi əməliyyatların dayandırılması. Yekun razılaşmadan sonra bütün cəbhələrdə, o cümlədən Livan istiqamətində hərbi əməliyyatların tam dayandırılması nəzərdə tutulur.
İrana tətbiq olunan dəniz blokadasının ləğvi. Memoranduma əsasən, gəmiçiliyə qoyulan məhdudiyyətlərin və dəniz blokadasının 30 gün ərzində aradan qaldırılması gözlənilir.
Hörmüz boğazı üzərində suveren hüquqların möhkəmləndirilməsi. Sənəddə boğazda dəniz xidmətlərinin beynəlxalq hüquq normaları əsasında təşkil olunması, Oman və Fars körfəzi ölkələri ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
İranın iqtisadi bərpası və kompensasiya proqramı. Memoranduma əsasən, ABŞ və regional tərəfdaşlarının iştirakı ilə İranın iqtisadi inkişafına dəstək məqsədilə 300 milyard dollarlıq bərpa proqramının hazırlanması, həmçinin xarici investisiyalar üçün şərait yaradılması planlaşdırılır.
Bütün sanksiyaların ləğvi. Xameneyi yekun razılaşmanın tərkib hissəsi kimi BMT Təhlükəsizlik Şurasının, Beynəlxalq Atom Enerjisi Agentliyinin və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını əsas şərtlərdən biri kimi göstərib.
Nüvə məsələsinin yekun həlli. İran tərəfi ölkənin uranı zənginləşdirmək hüququnun tanınmasını və nüvə proqramı ilə bağlı məsələlərin yekun şəkildə həll olunmasını gözləyir.
Dondurulmuş maliyyə aktivlərinə çıxışın təmin edilməsi. Memorandumda İran Mərkəzi Bankının xaricdə dondurulmuş maliyyə vəsaitlərinə tam çıxış əldə etməsi də əsas şərtlər sırasında yer alıb.
Qeyd edək ki, İslamabad Memorandumu ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması və yekun sülh sazişi üzrə danışıqlar üçün çərçivə sənədi kimi hazırlanıb. Hazırda sənəddə nəzərdə tutulan müddəaların icrası ilə bağlı danışıqlar davam edir.





















