Hər il iyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu əlamətdar tarix xalqımızın qürur mənbəyi olan Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu, qazandığı uğurları və Vətən qarşısındakı misilsiz xidmətlərini bir daha yada salmaq üçün mühüm fürsətdir.
Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra formalaşaraq güclü və peşəkar hərbi qüvvəyə çevrilmişdir. Sonrakı illərdə dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun maddi-texniki bazası möhkəmləndirilmiş, ən müasir silah və texnika ilə təchiz olunmuş, döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artırılmışdır.
Azərbaycan Ordusunun qüdrəti 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı azad edərək xalqımıza böyük Zəfər bəxş etdi. Şuşanın azad olunması isə tariximizə qızıl hərflərlə yazıldı. Bu qələbə Azərbaycan əsgərinin və zabitinin yüksək peşəkarlığının, vətənpərvərliyinin və sarsılmaz iradəsinin nəticəsi idi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biri hesab olunur. Ordumuzun şəxsi heyəti daim təlimlərdə iştirak edir, beynəlxalq standartlara uyğun hazırlıq keçir və dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı kimi çıxış edir. Hər bir hərbçimizin fədakarlığı və xidməti xalqımız tərəfindən böyük hörmət və ehtiramla qarşılanır.
26 İyun təkcə hərbçilərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Çünki güclü ordu güclü dövlət deməkdir. Bu gün biz Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar arzulayırıq. Qoy Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın, müzəffər ordumuz isə dövlətimizin gücünü və qüdrətini hər zaman nümayiş etdirsin.
Müzəffər Ordumuzla qürur duyuruq!
XƏYAL BAĞIROV
KƏLBƏCƏR SMSİİ-NİN BAŞ MÜHƏNDİSİ





















