Ukrayna Daxili İşlər naziri İqor Klimenko bildirib ki, ölkədə patrul polisi təlimlərinin gücləndirilməsi zəruridir və bütün polis əməkdaşları ən azı bir-iki ay müddətinə cəbhəyə və ya cəbhə xətti zonalarına göndərilməlidir. Korrekt.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
Klimenko bildirib ki, patrul polisinin döyüş və taktiki hazırlığı yüksək səviyyədə olmalıdır: “Hər bir patrul zabiti ekstremal vəziyyətlərdə psixoloji dayanıqlığa malik olmalıdır. Gün ərzində ‘xuliqanlıq hadisəsinə’ reaksiya verərkən partlayıcı qurğu və ya atəş təhlükəsi ilə üzləşməyə hazır olmalıdırlar. Polis zabiti başqalarının təhlükəsizliyi üçün həyatını riskə atmaq bacarığına malik olmalıdır”.
Nazir vurğulayıb ki, patrul təlimlərinin modernləşdirilməsi və gücləndirilməsi məqsədilə veteran hərbçilər təlimatçı kimi işə cəlb ediləcək. Təlimlər ilkin olaraq patrul xidməti bölmələrinə, daha sonra isə rayon şöbələrinə də şamil olunacaq.
Klimenko həmçinin qeyd edib ki, prezidentin göstərişlərinə uyğun olaraq cavab protokolları və təlim proqramları yenidən nəzərdən keçiriləcək, xüsusən də mülki şəxslərin əlində olan silah və sursatdan istifadə taktikaları üzrə təlimlər önə çəkiləcək.
Nazirin açıqlamasına görə, şəxsi heyətin əksəriyyəti artıq bir neçə ay müddətində birləşmiş bölmələrdə rotasiya proqramından keçib. Bu təlimlər, həmçinin Kiyevdə 18 apreldə baş verən terror aktından sonra patrul polisinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Həmin hadisə zamanı iki polis əməkdaşının müdafiəsiz insanları geridə qoyaraq qaçması ilə bağlı video yayılıb və daxili araşdırma aparılıb.





















