İsrail ABŞ-yə İranın kimyəvi silahlardan istifadə etməyi nəzərdən keçirə biləcəyi barədə kəşfiyyat məlumatları təqdim edib. Lakin bəzi amerikalı rəsmilər bu məlumatların dəqiqliyinə şübhə ilə yanaşırlar.
Korrekt.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb. Məlumatın ABŞ ordusunun İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlaşdığı bir vaxta təsadüf etdiyi bildirilir.
Qəzetin yazdığına görə, bəzi ABŞ rəsmiləri İsrailin təqdim etdiyi məlumatları baş nazir Benyamin Netanyahu hökumətinin Donald Tramp administrasiyasına təzyiq göstərmək və onu İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə təşviq etmək cəhdinin bir hissəsi hesab edirlər. Digər rəsmilər isə İranın ABŞ maraqlarına hücum etməyə hazır olması ilə bağlı son xəbərdarlıqları nəzərə alaraq, bu təhdidlərin ciddi qəbul edilməli olduğunu düşünürlər.





















