Türkiyə Respublikası Prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını vurğulayaraq, “Bir millət, iki dövlət” prinsipinin iki ölkə arasındakı tarixi və mənəvi bağlılığın əbədi rəmzi olduğunu bildirib.
Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan rəsmi qəbulda iştirak edib. Tədbir çərçivəsində jurnalistlərin suallarını cavablandıran baş müşavir Azərbaycan xalqını əlamətdar günlər münasibətilə təbrik edib.
O, çıxışında 8 Noyabr – Zəfər Gününün və 9 Noyabr – Dövlət Bayrağı Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini xüsusi vurğulayıb:
“Can Azərbaycanın 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü mübarək olsun! Şuşada bu gün qürurla dalğalanan üçrəngli, ay-ulduzlu şanlı bayrağımıza eşq olsun!”
Yalçın Topçu 30 illik işğala 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə son qoyulduğunu qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qəhrəman qazilərə hörmət və minnətdarlığını ifadə edib.
Baş müşavir çıxışının sonunda Azərbaycan və Türkiyə arasındakı münasibətlərin sarsılmazlığına toxunaraq, iki dövlətin birliyinin və qardaşlığının daim möhkəm qalmasını arzulayıb.
“Birliyimiz və qardaşlığımız daim, dövlətlərimiz qaim olsun. İnşallah!” – deyə Yalçın Topçu bildirib.





















