image-1backend

ABŞ-da aralıq seçkilərində ilk nəticələr: Demokratlar Trampın mövqelərini zəiflədir?

image-ads-728x90

ABŞ-da Prezident Donald Trampın ikinci prezidentlik müddətinin qalan iki ilində ölkənin siyasi mənzərəsini müəyyənləşdirəcək Konqresə aralıq seçkilərində səsvermə başa çatıb, səslərin hesablanmasına başlanılıb.

İlkin nəticələrə əsasən, 28 ştatda seçki məntəqələri bağlanıb. Senat uğrunda mübarizədə Demokratlar 8, Respublikaçılar isə 4 ştatda qələbə qazanıblar. Qubernator seçkilərində isə Demokratlar 15, Respublikaçılar 10 ştatda üstünlük əldə ediblər.

Seçkilərdə Nümayəndələr Palatasının 435 üzvü, Senatın 35 üzvü və 36 ştatın qubernatoru müəyyənləşir.

Seçkinin diqqətçəkən nəticələrindən biri Şimali Karolinada qeydə alınıb. Demokrat Roy Kuper Respublikaçı rəqibi Maykl Uotli üzərində qələbə qazanaraq Senat mandatını Demokratlara qaytarıb.

Virciniya, Corciya, Massaçusets, Rod-Aylend, Nyu-Meksiko və Koloradoda Demokrat namizədlər Senatdakı yerlərini qoruyublar. Florida və Qərbi Virciniyada isə Respublikaçı namizədlər qələbə qazanıblar.

Nyu-Hempşirdə Demokrat Kris Pappas, Vayominqdə isə Respublikaçı Harriet Heyqman Senata seçiliblər.

Qubernator seçkilərində də tarixi nəticə qeydə alınıb. Demokrat Keyşa Lens Bottoms Respublikaçı Rik Ceksonu məğlub edərək ABŞ tarixində qubernator seçilən ilk qaradərili qadın olub.

Bu qələbə ilə Demokratlar 24 ildən sonra Corciya ştatının qubernatorluğunu Respublikaçılardan geri alıblar.

Floridada isə Respublikaçı Bayron Donalds Demokrat rəqibi Devid Colly üzərində qələbə qazanaraq ştatın ilk qaradərili qubernatoru seçilib. Beləliklə, Florida qubernatorluğu Respublikaçıların nəzarətində qalıb.

Nümayəndələr Palatasına seçkilərdə Demokratlar 71, Respublikaçılar isə 32 mandat qazanıblar. Qalan 332 yer üzrə səslərin hesablanması davam edir.

Qeyd edək ki, hazırkı tərkibdə Respublikaçılar Nümayəndələr Palatasında 218, Demokratlar 214 yerə sahibdir. Senatda isə Respublikaçıların 53, Demokratların 45, müstəqil senatorların isə 2 mandatı var. Müstəqil senatorlar bir çox məsələdə Demokratlarla birlikdə hərəkət edirlər.

Demokratların Konqresin heç olmasa bir palatasında çoxluğu əldə etməsi Tramp administrasiyasının siyasi qərarlarına nəzarət imkanlarını artıra bilər.

ABŞ Prezidenti Donald Tramp seçki gecəsini Ağ Evdə keçirib. O, sosial şəbəkədəki paylaşımında seçki nəticələrini Fox News telekanalı vasitəsilə izlədiyini bildirib.

Seçkilər zamanı diqqətçəkən digər məqamlardan biri erkən səsvermədə iştirakın yüksək olmasıdır. İlkin məlumatlara görə, təxminən 60 milyon amerikalı noyabrın 3-dək şəxsən və ya poçt vasitəsilə səs verib. Bu göstərici 2022-ci il aralıq seçkilərində qeydə alınan 58 milyon nəfərlik nəticəni üstələyib.

Maraqlı hadisələrdən biri də NASA-nın üç amerikalı astronavtının Beynəlxalq Kosmik Stansiyadan səsvermədə iştirak etməsi olub.

ABŞ-da aralıq seçkilər prezidentin yenidən seçilməsi ilə bağlı olmasa da, Konqresdəki siyasi qüvvələr nisbətini dəyişə bilər.

Respublikaçılar hər iki palatada çoxluğu qoruyacaqları təqdirdə Tramp administrasiyasının qanunvericilik təşəbbüslərini həyata keçirməsi asanlaşacaq. Demokratların Nümayəndələr Palatasında və ya Senatda üstünlük əldə etməsi isə administrasiyanın fəaliyyətinə parlament nəzarətini gücləndirə, büdcə müzakirələrini və mümkün araşdırmaları gündəmə gətirə bilər.

Seçkilərin nəticələri ABŞ-ın xarici siyasəti baxımından da əhəmiyyətlidir. Xüsusilə müdafiə sənayesi, silah satışı, sanksiyalar, NATO və Yaxın Şərq siyasəti ilə bağlı qərarlarda Konqresin mövqeyi mühüm rol oynayır.

Bu baxımdan seçkilərin yekun nəticələri təkcə ABŞ-ın daxili siyasi həyatına deyil, Vaşinqtonun beynəlxalq münasibətlərinə və müttəfiqləri ilə əlaqələrinə də təsir göstərə bilər.

Hazırda səslərin hesablanması davam edir və Konqresdə yekun güc balansının necə formalaşacağı böyük maraqla gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki