image-1backend

Dünya 72 saatlıq ehtiyat toplayır: Azərbaycan təhlükəyə hazırdırmı?

image-ads-728x90

Dünyanın müxtəlif regionlarında yerləşən 33 ölkənin hökuməti əhalini mümkün fövqəladə vəziyyətlərə hazır olmağa çağırıb. İnsanlara ən azı 72 saatlıq, bəzi ölkələrdə isə bir həftəlik ərzaq, içməli su, dərman və digər zəruri ləvazimat ehtiyatı saxlamaq tövsiyə olunur. Bu çağırışların arxasında müharibə təhlükəsi, təbii fəlakətlər, enerji böhranı və kibertəhdidlər kimi risklərin dayandığı bildirilir.

Dünyanın eyni vaxtda bu cür hazırlıqlara başlaması Azərbaycanda da bir sıra suallar doğurur. Ölkəmiz mümkün qlobal böhranlara nə dərəcədə hazırdır? Əhalinin ərzaq və digər zəruri məhsullar üzrə ehtiyat toplamasına ehtiyac varmı? Azərbaycan hökuməti bu istiqamətdə hansı hazırlıq tədbirlərini görür? Mövcud risklər ölkəmiz üçün ciddi təhlükə yaradır?

Mövzu ilə bağlı  açıqlama verən iqtisadçı Razi Abasbəyli bildirdi ki, dünyanın 33 ölkəsində əhaliyə fövqəladə vəziyyətə hazırlıqla bağlı çağırışlar təsadüfi hal kimi qiymətləndirilməməlidir:

“Lakin bu, mütləq müharibənin və ya qlobal fəlakətin yaxınlaşması demək deyil. Burada əsas məsələ insanların ərzaq ehtiyatı yaratması yox, fövqəladə vəziyyət zamanı dövlət xidmətləri xilasetmə tədbirlərini bərpa edənədək bir neçə günlük zəruri ehtiyata malik olmasıdır.

Avropa ölkələri üçün hazırda ən ciddi narahatlıq Ukrayna-Rusiya müharibəsidir. Müharibənin Rusiyadan Avropaya yayılması ehtimalının artması, digər tərəfdən isə kiberhücumların yaratdığı təhlükələr diqqət mərkəzindədir. Xüsusilə enerji və kommunikasiya infrastrukturunun sıradan çıxması ehtimalı ciddi narahatlıq doğurur.

Digər ölkələrdə də oxşar xəbərdarlıqlarla qarşılaşırıq. Məsələn, Yaponiyada əsas narahatlıq zəlzələ, sunami, vulkan püskürməsi və digər təbii fəlakətlərlə bağlıdır. ABŞ və Kanadada da vətəndaşlara bu istiqamətdə müraciətlər edilir. Həmin ölkələrdə meşə yanğınları, daşqınlar, qasırğalar və digər təbii fəlakətlərin baş vermə ehtimalı yüksəkdir.

Avropa Komissiyasının 2025-ci ildə təqdim etdiyi strategiya da əhalinin dövlət yardımına ehtiyac duymadan ən azı 72 saat özünü təmin edə bilməsi prinsipinə əsaslanır. Bununla belə, tövsiyə olunan ehtiyat müddəti ölkələrə görə dəyişir. Məsələn, Almaniyada vətəndaşlara 10 günlük, İsveç və Norveçdə isə 7 günlük ərzaq, dərman və digər zəruri ləvazimat ehtiyatı saxlamaq tövsiyə olunur.

Azərbaycandakı vəziyyəti isə müxtəlif kontekstlərdən qiymətləndirmək mümkündür. Burada ən ciddi məqamlardan biri regionda hərbi qarşıdurma ehtimalıdır. Hazırkı situasiyada belə bir təhlükəni yüksək qiymətləndirmirik. Azərbaycan uzun illər işğal altında qalan torpaqlarını azad edib və bundan sonra region ölkələri arasında hərbi qarşıdurma ehtimalı xeyli azalıb. Xüsusilə uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanın hərbi və iqtisadi potensialı belə bir qarşıdurmaya başlamaq imkanlarını məhdudlaşdırır”.

R.Abasbəylinin sözlərinə görə, Azərbaycan hökuməti də müxtəlif vaxtlarda vətəndaşlara tövsiyə xarakterli çağırışlar edib:

“Fövqəladə Hallar Nazirliyinin ötən il rəsmi saytında yerləşdirdiyi tövsiyələrdən birində vətəndaşlara ekstremal şəraitdə bir neçə gün özlərini təmin etmək üçün ərzaq, dərman və içməli su ehtiyatı olan çanta hazırlamaq məsləhət görülüb. Həmin çantada hansı ləvazimatların olmalı olduğu da nazirliyin saytında qeyd edilib.

Bundan başqa, 2021-ci ildə Dövlət Ehtiyatları Agentliyi yaradılıb, 2024-cü il fevralın 2-də isə “Dövlət ehtiyatları haqqında” qanun qəbul olunub. Bu qanunun əsas məqsədlərindən biri ərzaq və digər həyati əhəmiyyətli məhsullar üzrə ehtiyat fondlarının yaradılmasıdır. Qanunda, həmçinin yanacaq və dərman vasitələrinin təchizatının dayanıqlığının təmin edilməsi, fövqəladə hallar üçün xüsusi ehtiyatların yaradılması və səfərbərlik ehtiyatlarının formalaşdırılması nəzərdə tutulur.

2026-cı il sentyabrın 10-da 2027-2032-ci illər üçün qida təhlükəsizliyi üzrə Dövlət Proqramı da qəbul edilib. Proqramda qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi əsas hədəflər kimi müəyyənləşdirilib”.

İqtisadçının fikrincə, Azərbaycanda da əhalinin ən azı 72 saatlıq ərzaq və digər zəruri ləvazimat ehtiyatı saxlaması təşviq edilməlidir:

“Bu, narahatlıq doğuran hal kimi deyil, risklərin azaldılmasına yönəlmiş qabaqlayıcı tədbir kimi qiymətləndirilməlidir. Hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da təbii fəlakətlər və gözlənilməz hadisələr baş verə bilər. Buna görə də vətəndaşların ən azı 72 saatlıq ərzaq və digər zəruri ləvazimat ehtiyatına malik olması arzuolunandır. Bu barədə hökumətin rəsmi informasiya resurslarında da tövsiyələr yer alır.

Hazırkı çağırışlar hər hansı narahatlıq və ya gərginliyin göstəricisi, yaxud konkret təhlükənin qarşısının alınmasına yönəlmiş xüsusi tədbir kimi qiymətləndirilməməlidir. Bu, dünyanın müxtəlif ölkələrində tətbiq olunan standart prosedurdur”.

R.Abasbəyli hesab edir ki, Azərbaycanın əhalisinin sayı, ərazisi və mövcud resursları ölkəyə ən kritik fövqəladə hallarda belə aylarla özünü təmin etmək potensialı verir:

“Bununla belə, insanların çətin vəziyyətə düşməməsi üçün hökumətin tövsiyələrinə uyğun ehtiyat çantalarının hazırlanmasında heç bir problem yoxdur. Lakin mövcud vəziyyətdə Azərbaycan üçün xüsusi riskdən danışmaq və bu məsələni əhali arasında ciddi təhlükə kimi təqdim etmək düzgün deyil”.publika.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki