Ermənilərin Cənubi Qafqaza gəlişi tarixdə mübahisıəi və müxtəlif yanaşmalarla izah olunan mövzulardandır. Qəsbkarların monomillətli olma arzu və iddiaları birbaşa azərbaycanlıların erməni təxribatı və qəsbkarlığı ilə üzləşməsinə səbəb oldu. İlkin mərhələdə əzəli oğuz yurdunda, indiki Ermənistan ərazisində yaşayan soydaşlarımızı doğma torpaqlarından çıxarmaqla, daha sonra Qarabağı işğal etməklə onlar özlərinə monomillətli dövlər qurmaq arzusunu gerçəkləşdirdi.
Lakin böyük türk şairi Tofiq Fikətin dili ilə desək:
Zülmün topu var, gülləsi var, qəlpəsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə haqqın zəfəri idi. 30 il işğal altıda olan torpaqlarımızı qaytararaq ermənilərin törətdikləri bütün vəhşiliklərə rəğmən, onlara yenə də Qarabağda qalıb, Azərbaycan vətəndaşlarının malik olduğu hüquqlarla yaşamaq şansı verdik, halbuki heç bir millət bunu etməzdi.
Bugün Azərbaycan öz siyasətində qonşu dövlətlərlə dostluq münasibətlərinin qorunub saxlanmasına xüsusi önəm verir, lakin milli dövlətçiliyimizə, suverenliyimizə ziyan vuracaq, vətəndaşlarının hüquqlarının tapdalanmasına yol açan istənilən addımın qarşısını almağa qadirdi. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ali dəyər hesab edilir. Qərbi Azərbaycandan, indiki Ermənsitandan deportasiya edilmiş minlərlə soydaşlarımızın hüquqlarının qorunması , beynəlxalq hüquq müstəvisində təhlükəsiz və zəmanətli şəkildə doğma yurdlarına qayıtması da günümüzün ən əsas siyasi məsələlərindən biridir.
Qeyd edilənlər bugün tariximizə yeni baxışla baxmağa, yanaşmağa imkan verir. Bu baxış bucağından çıxış edərək qədim oğuz türk yurdu olan Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndindən yazmaq istərdik.
Öncə bu kəndin yerləşdiyi mahal haqqında tarixi arayışa diqqət yetirək.
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında tarixən türk tayfalarının yaşadığı qədim yurd yeridir. E.ə. VIII-VII əsrlərdən başlayaraq Qara dəniz bölgəsində yaşayan türk mənşəli kimmer, iskit, sak tayfaları bura axın edərək məskunlaşıb. Türk tayfalarının bura köçü XI– XII əsrlərin sonlarınadək davam edib. Orta əsrlər dövründə də bu bölgənin Azərbaycan türklərinin tarixi Vətəninin olması haqqında təkzib olunmaz tarixi faktlar mövcuddur.
Türk xalqlarının ən qədim ədəbi abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanında da Göyçə mahalı haqqında geniş məlumatlar var. Dastandakı yer -yurd adları Oğuz türklərinin vətəni kimi təsvir olunub. Onların bir çoxu isə Qərbi Azərbaycandakı toponim və şəxs adlar ilə eynidir.
Məsələn , dastandakı Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim tarixini özündə əks etdirir. Eyni zamanda mahalın ən qədim yaşayış məskənlərindən olan Babacan kəndinin adı. Bu toponim “Kitabi Dədə Qorqud” dastanında Baybecan adlı oğuz igidlərindən birinin adı ilə bağlılığını da deyənlər var.
Göyçə mahalı 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Mahal 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olub.
Ömrünün 50 ilini Göyçə mahalının Ardanış kənd məktəbində müəllim işləmiş, el ağsaqqalı Mikayıl Həsənovun xatirələrini və gördüklərini qələmə almaq istərdik. Mikayıl dayı deyir ki, dörd tərəfi sıldırım qayalar, yaşıl dona bürünmüş dağlarla əhatə olunmuş Göyçə gölü dağlar qoynundakı yaşıl meşələri, otlaqları göy sularında bir güzgü kimi əks etdirirdi. Şah İsmayıl Xətai bura gələndə mahalın təbiətinə heyran olur və deyir: “ Nə göyçək yerdir”. Elə burdan da mahalın da, gölün də adı qalır Göyçə. Əlbəttə ki, bu deyilənlər Mikayıl dayının yaddaşında el rəvayəti kimi qalıb.
1828 -ci ildə Çar Hökümətinin bütün Qafqazı ruslaşdırma siyasəti başladı və ermənilər kütləvi şəkildə Cənubi Qafqaza köçürüldü .
Tanınmış rus tədqiqatçısı Nikolay Şavrov yazırdı: “Cənubi Qafqazın istilasınadək burada erməni xalqı yüksək mövqeyə malik deyildi. Ermənilər əsas etibarilə Osmanlı dövləti ərazisində və İranda yaşayırdılar. Ermənilərin Cənubi Qafqaza köçürülməsi İran (Qacarlar dövləti – red.) və Osmanlı ilə 1828-1829-cu illər müharibəsindən sonra başlanmışdır. 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40 mindən, Osmanlı dövlətindən isə 84 mindən çox erməni köçürülmüşdür. Onlar Yelizavetpol, Qarabağ, İrəvan, Borçalı, Axal- sıx və Axalkalak bölgələrinin ən yaxşı torpaqlarında yerləşdirilmişlər”.
Mikayıl Həsənovun xatirələrindən: “Göyçə gölünün qərb tərəfində , başda Yelenovka adlı bir kənd var idi. (P.S. Kənd 1842-ci ildə qurulub. I Pavelin qızı Yelena Pavlovnanın adı verilib.) 1930-cu ildə orda ermənilər yerləşdirildi . Elə həmin il gölün adı dəyişdirilib Sevan qoyuldu. Yelenovka kəndi isə 1935-ci ildə mərkəz kimi Sevan şəhəri adlandırıldı və Sevan rayonun mərkəzi oldu. (P.S. Mikayıl dayıda olan 1903-cü ildə Tiflisdə çap olunan hərbi xəritədə Göyçə gölü öz adı ilə qeyd edilib. )
Ardanış kəndinin özünün tarixinə gəldikdə isə mənbələrdə qeyd edilir ki, toponim qədim türk dilində «dağ», «dağlıq», «dağ kəndi» mənasında işlənən art sözündən və məkan anlayışı bildirən -an və -ış sözdüzəldici şəkilçisindən ibarətdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərdanuc , Qafqazın 5 verstlik xəritəsində Ardanic formasında qeyd edilib.
Mikayıl Həsənov öz araşdırmalarına əsasən belə bir qənaətə gəlib ki, bu söz türk mənşəli “art” –dağ və “danış” sözlərinin birləşməsindən yaranıb və “danışan dağ” mənasını verir. Bunu onunla əsaslandırır ki, orda dağların , qayaların ətəyindən danışarkən əks səda yaranır. Dediyini dağ geri qaytarır. Elə bil danışır.
Həmçinin Göyçə gölündə Ada təpə adlı bir yarımada var, vaxtilə gölün içində ada şəklində olduğuna görə belə adlandırılır. Oranın öz fauna və florası olub. Ardanış kəndində bulaqlar birləşib iki böyük çay əmələ gətirirdi. Birinin adı Cullaf, digərinin isə Qara çay idi. Bu çayların suyundan həm təsərrüfatda, həm də məişətdə istifadə edilirdi. Qışda bu çaylar donurdu.
Kəndin ətrafında alban kilsələri var idi. Biri kəndin qarşısında Kilsəli deyilən ərazidə zirvədə, dağın başında yerləşirdi. Ön tərəfi dördkünc çıxışlı dairə şəklində idi. Diametri təqribi 30 metr olardı, idi. İçindəki iri daşlarda qədimi alban hərflərlə yazılar var idi. Ora dini ocaq kimi qəbul edilmişdi. Xüsusilə yaz başı, bayram öncəsi bütün kənd ora ziyarətə gedirdi. Bundan əlavə Adatəpə deyilən ərazidə qədimdə eyniadlı kənd olub. Bu Adatəpənin gölü içində ada şəklində olduğu zamanlara təsadüf edir. O zamanalar orda böyük bir kilsə də var idi. Kilsənin qarşısında təqribi 500 kv.metr ərazidə dam yerləri var idi. Yəni divarları olmasa da kəndin evlərinin özülləri qalırdı. Adatəpə deyilən ərazidə dağların düz başında Qalaça adlı bir yer var idi. Təqribi 70 metr diametrində qırağı daşla hörülümüş qalaça idi. Cənub tərəfi Gölə baxırdı. Ordan yerli əhali müşahidə məntəqəsi kimi istifadə edib.
O illərdə Göldən su xətti ayırdılar , İrəvan şəhərində SES tikildi. Dənizin ( P.S. yerli sakinlər kimi el ağsaqqalı da Göyçə gölünə dəniz deyir) səviyyəsi endi. Bizdə sağ tərəf, qərb tərəfə Bala dəniz , sol tərəfə də Böyük dəniz deyilirdi. Su çəkiləndən sonra Dənizin dibindən köhnə evlərin qalıqları çıxdı. Bu isə onu göstərir ki, bu kəndin tarixi çox qədimdir. Buralarda lap qədimdən yaşayış olub, sonralar suyun səviyyəsinin qalxması nəticəsində gölün altında qalıb. Kənddə bir neçə qəbiristanlıq var idi. Biri kəndin günbatan tərəfində dağın başında Çal deyilən ərazidə idi. Burda yerə basdırılmış iri baş daşlarının hündürlüyü təqribi 3 m , qalınlığı 40-50sm, eni 1.5 m idi. Üstündə qədim alban yazıları. Kəndin cənubunda yola tərəf olan hissəsində və mərkəzində yerləşən qəbiristanlıqda da bu qədim alban qəbirüstü abidələrindən var idi. Kəndin yuxarı şimal hissəsində Bərzəxana deyilən yer olub.Mikayıl dayı deyir ki, orda nəsə presləyib yağ əldə edirlərmiş və onlar ora Qaraikələr- Novruzoğlunun başı deyirlərmiş. Orda böyük qaranlıq bir mağara olub. Uşaqlar bellərinə ip bağlayıb ora düşərdi, lakin çox uzağa gedə bilməzdi. El ağsaqqalı deyir ki, kənddə son dövrdə 450 ailə, 2500 -ə yaxın əhali yaşayıb.”
1988-ci ildə kənddə 450 təsərrüfatda 2500 nəfərə yaxın azərbaycanlı yaşayırdı. Onlar da Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı zamanı erməni millətçiləri tərəfindən sonuncu nəfərinə qədər qovulub kənddən çıxarıldılar. Həmin il noyabrın 24-dən etibarən kəndə erməni hücumları intensiv şəkil aldı. Rayonun partiya, sovet və inzibati orqanlarının təşkilatçılığı, təhrikçiliyi və rəhbərliyi ilə həyata keçirilən bu aksiyaların qabağını almaq mümkün olmadı.
Gülnarə Nemətova





















