“Donald Tramp tərəfindən İranla atəşkəsin uzadılmasına baxmayaraq, bölgədə gərginlik davam edir. Danışıqlar heç bir nəticə vermədiyi təqdirdə bu gərginlik uzun müddət davam edə bilər.”- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq vurğulayıb ki, mövcud vəziyyət artıq dünya iqtisadiyyatına da ciddi təsir göstərməkdədir.
“Artıq bir müddətdir ki, neft qiymətləri kəskin şəkildə bahalaşıb və bu artımdan ən çox Avropa ölkələri zərər çəkir. Eyni zamanda, gərginlik səbəbindən karqo daşımaları və hava nəqliyyatı demək olar ki, iflic vəziyyətinə düşüb. Bu isə dünya ölkələri arasında iqtisadi əlaqələrə mənfi təsir göstərir. Xüsusilə iqtisadiyyatı turizmə bağlı olan ölkələr ciddi çətinliklərlə üzləşir”, – deyə Arzuman Muradlı qeyd edib.
Politoloq əlavə edib ki, yaxın zamanda gərginliyin aradan qalxmaması halında, dünyada ciddi iqtisadi kataklizmlərin baş verməsi qaçılmaz ola bilər.





















