“Azərbaycanla Ermənistan arasında yaxın zamanda sülh sazişinin imzalanması istiqamətində müsbət dinamika müşahidə olunur və bu prosesin ilk ciddi siqnalları artıq görünməyə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Antalya forumunda bu mövzuya toxunması da prosesin region üçün nə qədər aktual olduğunu göstərir. Ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanması ehtimalı getdikcə artır. Onun fikrincə, bu prosesdə Türkiyə də fəal maraq göstərir və vasitəçilik rolunu gücləndirir.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
“Ermənistan rəsmiləri Türkiyədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir, ikitərəfli görüşlərdə türkiyəli həmkarları ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edirlər. Ermənistanın baş naziri Nikol Paşinyan da son açıqlamalarında iki ölkə arasında hərtərəfli əməkdaşlıq üçün əlverişli şəraitin yarandığını bildirib,” – deyə politoloq vurğulayıb.
Arzuman Muradlı əlavə edib ki, gündəmdə Azərbaycanla Ermənistan arasında sərhədlərin açılması məsələsi də var və bu istiqamətdə Ankara ilə Bakı arasında koordinasiya aparılır.
O, həmçinin xatırladıb ki, Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ermənistan Parlamentinin sədri Alen Simonyan ilə görüşüb və Ermənistanın “Türkiyə–Gürcüstan–Azərbaycan” formatına daxil olması təklifini irəli sürüb.
Politoloqun sözlərinə görə, Alen Simonyan bu təklifə müsbət yanaşdığını gizlətməyib.
Sonda Arzuman Muradlı qeyd edib ki, mövcud diplomatik gedişat davam edərsə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması həm regional sabitlik, həm də əməkdaşlıq baxımından daha faydalı ola bilər.





















