“Son günlər Hörmüz boğazı ətrafında müşahidə olunan gərginlik regionda vəziyyəti yenidən kritik həddə çatdırıb. İran geri addım atmasa, bölgədə yeni hərbi qarşıdurmanın başlaması qaçılmaz ola bilər. “- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, Tehran bəyan edib ki, Vaşinqton Hörmüz boğazının mühasirəsindən imtina etməyəcəyi təqdirdə, İran da boğaza nəzarəti davam etdirəcək.
Onun fikrincə, beynəlxalq birlik bu məsələ ilə bağlı razılaşmaların icrasını istəyir. ABŞ-ın boğaz ətrafında təzyiq siyasətini davam etdirməsi isə Vaşinqtonun Pekinlə münasibətlərini daha da gərginləşdirə bilər.
Arzuman Muradlı qeyd edib ki, İran limanlarından çıxan tankerlərin hərəkətinə maneələrin yaradılması ilk növbədə Çinin maraqlarına toxunur. Çünki İran neftinin əsas alıcılarından biri məhz Çindir. ABŞ hərbi gəmilərinin Çin tankerilərini yoxlamağa başlaması Pekində ciddi narazılıq yarada bilər. Bu isə ABŞ Prezidenti Donald Trumpın Çinə planlaşdırılan səfərinin yenidən təxirə salınmasına səbəb ola bilər.
Politoloq bildirib ki, Vaşinqtonun Hörmüz boğazında sərt nəzarət siyasəti Pekini də oxşar addımlar barədə düşünməyə sövq edə bilər. Çin Tayvan ətrafında ticarət gəmilərinin yoxlanılması kimi variantları gündəmə gətirə bilər. Pekin bunu üçüncü ölkələrin hərbi texnika daşınmasının qarşısını almaq məqsədi ilə əsaslandıra bilər.
Onun sözlərinə görə, Çinin Tayvanı hərbi yolla nəzarətə götürməsi ehtimalı zaman-zaman müzakirə olunsa da, Pekin bu addımın risklərini nəzərə almağa məcburdur. Belə bir ssenari ABŞ və Çin arasında daha sərt sanksiyalara, eləcə də iki böyük güc arasında birbaşa toqquşma riskinin artmasına səbəb ola bilər.
Arzuman Muradlı vurğulayıb ki, yarımkeçirici istehsalında dünya lideri olan Tayvanın hərbi yolla ələ keçirilməsi qlobal ticarət müharibələrini daha da alovlandıra bilər. Bu səbəbdən Pekin hazırda hərbi ssenarini arxa plana keçirərək “yumşaq güc” siyasətinə üstünlük verir. Tayvan müxalifət liderinin Pekinə dəvət olunması və Xi Jinping ilə görüşü də bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.





















