Korrekt.az xəbər verir ki, Meksika polisi motosiklet oğrularını yaxalayaraq onları küçə işıq dirəklərinə bağlamaqda şübhəli bilinən “Betmen” ləqəbli şəxsin axtarışına başlayıb.
“The Sun” nəşrinin məlumatına görə, iyunun 13-dən başlayaraq 10 gün ərzində Xalisko ştatının Laqos de Moreno şəhərində ən azı beş nəfər küçə işıq dirəklərinə bağlanmış vəziyyətdə aşkarlanıb.
Bildirilir ki, “Betmen” ləqəbli şəxs saxlanılanların üzlərinə markerlə bığ çəkib, üzərlərinə isə ispan dilində “oğru” mənasını verən “ratero” sözünü yazıb. Meksikalı jurnalist Luis Kardenas həmin görüntüləri X sosial şəbəkəsində paylaşıb.
Məlumata görə, saxlanılan şəxslərin oğurluq etdiyini göstərmək məqsədilə onların yanına oğurlandığı iddia edilən motosikletlər də qoyulub. Fotolardan birində iki nəfərin arxa-arxaya dirəyə bağlandığı, başlarının üzərində çəhrayı lövhənin asıldığı və qarşılarında motosikletin yerləşdirildiyi görünür.
Yerli sakinlər “Betmen”in hərəkətlərini alqışlasalar da, hüquq-mühafizə orqanları hadisəyə qanun çərçivəsində yanaşır.
Xalisko ştatının İctimai Təhlükəsizlik katibi Xuan Pablo Ernandes bildirib ki, polis dirəklərə bağlanmış şəxsləri zərərçəkmiş kimi qiymətləndirir. Onun sözlərinə görə, həmin şəxslərin hamısı sərbəst buraxılıb və tibbi yardım göstərilib. Onların motosiklet oğurluqları ilə bağlı istintaqa cəlb edilib-edilmədiyi isə açıqlanmayıb.
Hazırda hadisə ilə bağlı heç kim saxlanılmasa da, polis “Betmen” ləqəbli şəxslə əlaqəli ola biləcəyi ehtimal olunan iki nəqliyyat vasitəsini müəyyən edib.





















