“Türkiyə mövcud münaqişəyə birbaşa qoşulmaq niyyətində deyil və Ankara çalışır ki, qarşıdurmanın tərəfinə çevrilməsin. Onun sözlərinə görə, bu mərhələdə münaqişə artıq müxtəlif dövlətlərin toqquşmasına çevrilib və Türkiyənin hər hansı cavab addımı avtomatik olaraq onu müharibənin iştirakçısına çevirə bilər. Bu səbəbdən rəsmi Ankara daha çox ehtiyatlı və balanslı siyasət yürüdərək birbaşa hərbi eskalasiyadan uzaq durmağa üstünlük verir.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, həm ABŞ, həm də İsrail regionda gərginliyin artmasında maraqlı görünür. Onun fikrincə, İran da müəyyən mənada bu prosesdə maraqlı tərəf kimi çıxış edir və ərəb ölkələrinə zərbələr endirməklə onları münaqişəyə cəlb etməyə çalışır. Məqsəd isə xaosun dərinləşməsi və bu vəziyyətdən müəyyən üstünlüklər əldə etməkdir.
Arzuman Muradlı tarixi paralellərə də toxunaraq bildirib ki, Türkiyə İkinci Dünya Müharibəsində neytral qalmaqla müəyyən mənada qazanc əldə edib, lakin Birinci Dünya Müharibəsinə qoşulması Osmanlı imperiyasının süqutu ilə nəticələnib.
Onun sözlərinə görə, bu təcrübə hazırkı siyasətdə də nəzərə alınır.
Politoloq vurğulayıb ki, mövcud vəziyyət müəyyən mənada genişmiqyaslı müharibəni xatırladır və faktiki olaraq bir neçə qitədə – Asiya, Avropa və Şimali Afrika istiqamətlərində paralel qarşıdurmalar müşahidə olunur. Bu baxımdan ehtiyatlı siyasətin aparılması olduqca vacibdir.
Arzuman Muradlı əlavə edib ki, beynəlxalq proseslərdə kəşfiyyat məlumatlarının rolu da diqqətəlayiqdir. Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəzi açıqlamalarında Rusiyanın müəyyən məlumatlar ötürdüyünü dolayı şəkildə təsdiqləyib. Eyni zamanda, Hind okeanı ətrafında Çinə məxsus radiolokasiya gəmilərinin aktivliyi müşahidə olunur ki, bu da məlumat toplanması və paylaşılması ehtimalını artırır.
Politoloq bildirib ki, bəzi hallarda zərbələr formal olaraq mülki obyektlərə yönəlsə də, sonradan həmin ərazilərdə hərbi qüvvələrin yerləşdiyi üzə çıxır. Bu isə hədəflərin təsadüfi deyil, konkret kəşfiyyat məlumatları əsasında seçildiyini göstərir. O, həmçinin region ölkələrində yaşayan miqrantların, xüsusilə şiə icmalarına mənsub şəxslərin də potensial informasiya mənbəyi kimi qiymətləndirildiyini qeyd edib və bunun İranın müəyyən məlumat üstünlüyünə malik olduğunu göstərdiyini vurğulayıb.
Rusiya ilə bağlı mövqeyə toxunan politoloq qeyd edib ki, Moskva əsasən siyasi ritorika ilə çıxış edir və daha çox Avropa ölkələrini tənqid edir, lakin ABŞ və ya Donald Trampı birbaşa hədəf almaqdan çəkinir. Onun fikrincə, bunun səbəbi Trampın davranışlarının proqnozlaşdırılmasının çətin olmasıdır.
Arzuman Muradlı xatırladıb ki, Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığı hər iki tərəf tərəfindən müsbət qiymətləndirilsə də, qısa müddət sonra Rusiyanın Bryansk vilayətində yerləşən strateji obyektə zərbə endirilib. Onun sözlərinə görə, həmin obyekt Rusiya üçün mühüm əhəmiyyət daşıyır və burada “İsgəndər M” raket sistemləri üçün elektron komponentlər istehsal olunurdu.
Politoloq hesab edir ki, bu kimi hadisələr beynəlxalq münasibətlərdə rəsmi bəyanatlarla real proseslər arasında fərqlərin olduğunu göstərir. Bəzi qərarların isə ani siyasi reaksiyalar və ya liderlərin şəxsi münasibətləri əsasında verilməsi ehtimalı istisna olunmur.
Sonda o vurğulayıb ki, mövcud vəziyyət olduqca mürəkkəbdir və bir neçə böyük gücün birbaşa və ya dolayı iştirakı ilə formalaşır. Bu səbəbdən proseslərin gələcək inkişafını dəqiq proqnozlaşdırmaq çətindir və bütün tərəflər üçün risklər yüksək olaraq qalır.





















