İranda nə baş verir? Hökumət daxilində yaşanan çalxalanmalar nə ilə bağlıdır? Suallarımızı politoloq Arzuman Muradlı cavablandırıb.
Politoloqun sözlərinə görə, İranda hakimiyyət daxilində hər zaman müəyyən dartışmalar və gərginliklər mövcud olub. O bildirib ki, İran uzun illərə söykənən dövlətçilik ənənələrinə malik ölkədir və burada idarəçilik sistemi kənardan göründüyündən daha mürəkkəb mexanizmlərlə fəaliyyət göstərir.
“İran 5000 illik dövlətçilik ənənəsinə malik bir ölkədir. Burada dövləti idarə edənlər nə SEPAH, nə də ölkənin ali dini lideridir. Bu ölkənin özünəməxsus idarəçilik sistemi var. Nə ABŞ, nə də İsrail bu idarəçilik sistemini çökdürə bilməz. Qaldı ki, Məsud Pezeşkianın istefası ilə bağlı yayılan xəbərlərə, hesab edirəm ki, bu baş versə belə, İranın idarəçilik sistemində ciddi dəyişiklik olmayacaq”, – deyə Arzuman Muradlı bildirib.
Politoloq həmçinin qeyd edib ki, ABŞ tərəfindən İranın hərbi obyektlərinə endirilən son zərbələr də ölkənin strateji mövqeyini dəyişəcək gücdə deyil.
“Bu gecə ABŞ İranın hərbi obyektlərinə yenidən zərbələr endirib. Lakin bu zərbələr də nəyisə dəyişə bilməyəcək. Çünki İran öz istədiyini və özünə məxsus olanları ABŞ-a verməkdən qəti şəkildə imtina edib. Bu zərbələr sadəcə lokal nəbz yoxlaması xarakteri daşıyır”, – deyə politoloq vurğulayıb.



















