“Türkiyə və İsrail yenidən Azərbaycanın vasitəçiliyini qəbul ediblərsə, bu prosesin əsas məqsədi iki ölkə arasında tam barışığa nail olmaq deyil. Mövcud siyasi və regional şəraitdə Ankara ilə Təl-Əviv arasında münasibətlərin tam normallaşdırılması yaxın perspektivdə real görünmür.”
Bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycanın vasitəçilik səylərinin əsas hədəfi iki ölkə arasında mövcud gərginliyin azaldılması, dialoq kanallarının açıq saxlanılması və mümkün hərbi qarşıdurmanın qarşısının alınmasıdır.
“İsrail və Türkiyə hazırda Suriya üzərindən toqquşmaya çox yaxın vəziyyətdədirlər. Bu baxımdan tərəflər arasında dialoqun davam etdirilməsi və mümkün anlaşılmazlıqların diplomatik yollarla aradan qaldırılması böyük əhəmiyyət daşıyır. Suriya və İsrail rəsmilərinin İordaniyada görüşərək gərginliyi azaltmağa çalışması da bölgədə diplomatik həll yollarının axtarıldığını göstərir. İkinci müzakirə platformasının yenidən Bakı olması mümkündür”, – deyə Arzuman Muradlı qeyd edib.
Politoloq bildirib ki, əsas fikir ayrılığı Türkiyənin Suriyadakı hərbi mövcudluğu ilə bağlıdır. İsrail Suriyada Türkiyənin hərbi baza yerləşdirməsi ehtimalına qarşı çıxır və bunu öz təhlükəsizlik maraqları baxımından risk kimi qiymətləndirir. Ankara isə Suriya ilə hərbi əməkdaşlıq və mümkün hərbi ittifaqın İsrailə qarşı yönəlmədiyini düşünür.
“Bu qədər fərqli yanaşmalar fonunda ortaq məxrəcə gəlmək asan deyil. Lakin hazırkı mərhələdə əsas məsələ tərəfləri barışdırmaqdan daha çox, gərginliyin nəzarətdən çıxmasının qarşısını almaqdır. Ankara ilə Təl-Əviv arasında dialoq formatının qorunması bölgədə sabitlik və təhlükəsizlik baxımından daha faydalı nəticə verə bilər”, – politoloq vurğulayıb.
Qeyd edək ki, son günlər yayılan məlumatlara görə, Azərbaycanın vasitəçilik səyləri məhz İsrail və Türkiyə arasında Suriya ilə bağlı gərginliyin azaldılmasına və mümkün hərbi insidentlərin qarşısının alınmasına yönəlib. Bu, Bakının hər iki ölkə ilə mövcud əlaqələrindən istifadə edərək dialoq üçün platforma yaratmaq rolunu yenidən ön plana çıxarır.






















