Ermənistanda parlament seçkilərinə sayılı günlər qalıb. Ölkədə siyasi gərginlik pik həddə çatıb. Belə mürəkkəb və gərgin seçki kampaniyası şəraitində əsas sual budur: seçkilərin qalibi kim olacaq?
Politoloq Arzuman Muradlının fikrincə, bu seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi komandanın qələbəsi şübhə doğurmur.
“Burada əsas amil cəmiyyətin seçkiyə münasibətidir. Artıq ermənilər anlayırlar ki, Paşinyan onları müharibəyə və səfalətə deyil, daha yaxşı gələcəyə apara bilər. Rusiyanın narahatlığının əsas səbəbi də məhz budur. Kreml başa düşür ki, İrəvanı əvvəlki kimi nəzarətdə saxlamaq getdikcə çətinləşir”, – deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Nikol Paşinyana münasibətdə “yaxşı polis – pis polis” taktikasından istifadə edirlər.
“Putin ‘İrəvan seçim etməlidir’ xəbərdarlığından sonra Paşinyana zəng edərək onu ad günü münasibətilə təbrik etdi. Elə həmin gün Medvedev isə Paşinyanın ünvanına təhqiramiz məzmunlu paylaşım etdi. Əgər Putin istəsəydi, dostuna bir kəlmə deməklə bu cür çıxışların qarşısını ala bilərdi. Lakin bunu etmir. Əksinə, Kremlin nəzarətində olan televiziya kanallarında və siyasi şərhçilər arasında Paşinyana qarşı sərt tənqidlərin davam etməsinə şərait yaradılır. Putinin Paşinyanı ad günü münasibətilə təbrik etməsi də təsadüfi deyil. O, artıq Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın qalib gələcəyini hesablayıb. Aşağı səviyyəli rəsmilər və təbliğatçılar onu tənqid edə bilərlər, lakin Kremlin özü növbəti illərdə də Paşinyanla işləmək məcburiyyətində qalacaq”, – deyə Arzuman Muradlı vurğulayıb.





















