Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də bir sıra məhkumların əfv olunması barədə sərəncam imzalayıb.
Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər. Siyahıda 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Cəsarət Səfərqulu oğlu Aydəmirov və 1980-ci il təvəllüdlü Rusiya və İsrail vətəndaşı Kirill Vladimiroviç Mikhayılov da yer alıb.
Cəsarət Aydəmirov kimdir?
Cəsarət Səfərqulu oğlu Aydəmirov 1999-cu ildə anadan olub. O, Azərbaycan vətəndaşıdır və Tərtər Hərbi Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli hökmü ilə məhkum edilib.
Aydəmirovun işi ictimaiyyətə daha çox “Tərtər işi” kimi tanınan cinayət işi ilə bağlıdır. 2017-ci ildə Tərtərdə hərbi qulluqçuların saxlanılması, onlara işgəncə verilməsi və müxtəlif ittihamlarla cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı araşdırmalar sonrakı illərdə yenidən gündəmə gəlib. 2021-ci ilin dekabrında Baş Prokurorluq “Tərtər işi” üzrə araşdırmanı yenidən aktivləşdirib. Bundan sonra əvvəlki istintaq və məhkəmə proseslərində pozuntulara yol verilməsi ilə bağlı yeni araşdırmalar aparılıb, bir sıra hərbçilərin işlərinə yenidən baxılıb və bəzi şəxslər barəsində bəraət qərarları qəbul edilib.
Kirill Mikhayılov kimdir?
Kirill Vladimiroviç Mikhayılov 1980-ci ildə anadan olub. O, Rusiya Federasiyası və İsrail vətəndaşıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmü ilə məhkum edilib. Mikhayılov da digər şəxslər kimi cəzasının çəkilməmiş hissəsindən azad olunub.Musavat.com





















