İran ABŞ-la Nyu-Yorkda Qətərin vasitəçiliyi ilə təmasların baş tutduğunu açıqlayıb.
Korrekt.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi bildirib ki, ABŞ tərəfi ilə keçirilən görüşdə Tehranın əsas şərtləri qarşı tərəfə çatdırılıb.
İran dövlət televiziyasının yaydığı məlumata görə, Bəkayi İran və ABŞ nümayəndə heyətləri arasında baş tutan görüşlə bağlı açıqlama verib.
O bildirib ki, təmas Qətərin vasitəçiliyi ilə həyata keçirilib:
“Bu qarşılıqlı əlaqənin məqsədi İranın şərtlərini qarşı tərəfə çatdırmaq idi. Şərtlərimizə bütün ərazilərdə hərbi əməliyyatların dayandırılması, ABŞ-ın təcavüzkar hərəkətlərinə son qoyulması, dəniz blokadası və iqtisadi müharibənin dayandırılması, həmçinin İran aktivlərinin azad edilməsi daxildir”.
Qeyd olunur ki, İran və ABŞ nümayəndələri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olarkən görüş keçiriblər.
ABŞ Prezidenti Donald Tramp da ABŞ rəsmilərinin həmin gün Nyu-Yorkda İran nümayəndə heyətinin təmsilçiləri ilə təxminən üç saat davam edən görüş keçirdiyini açıqlayıb. Tramp görüşün “çox yaxşı keçdiyini” bildirib.
İran dövlət televiziyası da görüş faktını təsdiqləyib. Bildirilib ki, İranın xarici işlər naziri Abbas Araqçi ABŞ rəsmilərinin təkidli xahişi ilə Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə Nyu-Yorkda görüşüb.
Tərəflərin görüşündə İranın irəli sürdüyü şərtlər, hərbi əməliyyatların dayandırılması və iqtisadi məsələlərlə yanaşı, iki ölkə arasında gərginliyin azaldılması imkanlarının da müzakirə edildiyi bildirilir.





















