image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Politoloq: Ərdoğanın Tramp tərəfindən yüksək səviyyədə qarşılanması Türkiyənin ABŞ üçün strateji əhəmiyyətini göstərir

image-ads-728x90

“Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanın ABŞ Prezidenti Donald Tramp tərəfindən yüksək səviyyədə qəbul edilməsi Türkiyənin ABŞ üçün nə qədər əhəmiyyətli tərəfdaş olduğunu bir daha göstərir”.

Bunu saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, Nyu-Yorkda keçirilən görüş zamanı Donald Trampın Rəcəb Tayyib Ərdoğan haqqında “möhkəm adam” və “sadiq dost” ifadələrini işlətməsi iki lider arasındakı münasibətlərin xarakteri baxımından diqqətçəkən məqamdır.

A.Muradlı qeyd edib ki, Türkiyə ABŞ üçün yalnız NATO çərçivəsində müttəfiq ölkə deyil, eyni zamanda Yaxın Şərq, Qara dəniz, Cənubi Qafqaz və digər regional məsələlərdə mühüm geosiyasi tərəfdaşlardan biridir:

“Türkiyənin yerləşdiyi coğrafi mövqe onun ABŞ üçün əhəmiyyətini daha da artırır. Ankara həm NATO-nun üzvüdür, həm də Avropa, Yaxın Şərq, Qara dəniz və Cənubi Qafqaz arasında mühüm strateji mövqeyə malikdir. Bu baxımdan Vaşinqtonun Ankara ilə münasibətlərə xüsusi önəm verməsi təbiidir”.

Politoloq hesab edir ki, Trampın Ərdoğana münasibətdə müsbət ifadələr işlətməsi ABŞ-Türkiyə münasibətlərində siyasi dialoqun əhəmiyyətini də ortaya qoyur.

“Trampın Ərdoğanı ‘sadiq dost’ kimi təqdim etməsi siyasi mesaj baxımından da diqqət çəkir. Bu, iki ölkə arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması və qarşılıqlı maraqların daha geniş müzakirə olunması üçün siyasi dialoqun vacibliyini göstərir. ABŞ və Türkiyə arasında müəyyən məsələlər üzrə fərqli mövqelər mövcud olsa da, hər iki tərəfin qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər ciddi maraqları var”, – deyə A.Muradlı vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə təhlükəsizlik, müdafiə sənayesi, enerji, regional sabitlik və beynəlxalq təhlükəsizlik məsələləri ABŞ-Türkiyə münasibətlərinin əsas istiqamətlərindəndir.

“Türkiyənin regional proseslərdə rolu kifayət qədər genişdir. Ankara bir sıra məsələlərdə həm Qərb, həm də region ölkələri ilə dialoq imkanlarını qoruyur. Bu isə ABŞ üçün Türkiyə ilə sıx siyasi və diplomatik əlaqələrin saxlanmasını vacib edən amillərdəndir. Vaşinqton Ankara ilə münasibətlərini nəzərdən keçirərkən Türkiyənin regional imkanlarını və NATO daxilindəki rolunu da nəzərə alır”, – politoloq bildirib.

A.Muradlı əlavə edib ki, Ərdoğan-Tramp görüşlərinin nəticələri yalnız ABŞ-Türkiyə ikitərəfli münasibətləri baxımından deyil, bütövlükdə regiondakı geosiyasi proseslər baxımından da əhəmiyyət daşıyır.

“Bu cür yüksək səviyyəli görüşlər tərəflərə qarşılıqlı mövqeləri birbaşa müzakirə etmək və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək imkanı verir. Ona görə də Ərdoğanın Tramp tərəfindən yüksək səviyyədə qəbul olunmasını Türkiyənin ABŞ xarici siyasətində tutduğu mühüm yerin göstəricilərindən biri kimi qiymətləndirmək olar”, – deyə politoloq fikirlərini yekunlaşdırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki