Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Sadıqov Azərbaycanın Belçika, habelə Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
Korrekt.az 70 yaşlı diplomatın tərcümeyi-halı ilə bağlı maraqlı məqamları təqdim edir:
V.Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirib. 1986-cı ildən filoloji elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb.
1992-ci ilin əvvəlində Vaqif Sadıqov Azərbaycanın diplomatik xidmətində işə başlayıb, 1993-1995-ci illərdə Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
1995-ci ilin aprel ayında V.Sadıqov Azərbaycanın Avstriyada səfiri və BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və ATƏT yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilib.
1998-ci ildən etibarən səfir o, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-ci ildən isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycanın daimi nümayəndəsi olub.
2004-cü ilin aprel ayında səfir V.Sadıqov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.
2010-cu ilin oktyabr ayında V.Sadıqov Azərbaycanın İtaliya, Malta və San Marinodakı səfiri, eləcə də Romada yerləşən BMT-nın Ərzaq və Kənd Təssərüfatı Təşkilatı, BMT-nın Dünya Ərzaq Proqramı və BMT-nın Kənd Təssərüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında Azərbaycanın daimi nümayəndəsi vəzifələrində çalışıb.
Peşəkar diplomat 2016-cı ilin yanvar ayında V.Sadıqov Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatalar yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilib. 2021-ci ilin avqustunda Belçikada səfiri vəzifəsinə təyin edilib.
O, evlidir, 2 uşağı var.“Yeni Sabah”





















