“Azərbaycan Hava Yolları” QSC (AZAL) rəsmi internet resurslarında maliyyə hesabatlarının mütəmadi dərci prosesini gecikdirir.
32gun.az xəbər verir ki, milli aviadaşıyıcının fəaliyyətinin maliyyə nəticələrinə dair sonuncu açıqlanan hesabat 2024-cü ilə aiddir. Qurum öz bəyanatında hesabatların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”ndan irəli gələn prinsiplərə əsasən dərc edildiyini vurğulayır. Lakin hazırda 2026-cı ilin may ayı olmasına baxmayaraq, rəsmi platformada sonrakı dövrə aid yenilənmə aparılmayıb.

Qüvvədə olan “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə görə, bu qəbildən olan iri dövlət şirkətləri illik konsolidə edilmiş maliyyə hesabatlarını növbəti ilin iyun ayının sonunadək auditor rəyi ilə birlikdə ictimaiyyətə təqdim etməlidirlər.
AZAL-ın 2024-cü il hesabatı “PwC” auditor şirkətinin yoxlamasından keçsə də, rəhbərliyin növbəti dövrlər üzrə hesabatlılıq dinamikasını zəiflətməsi diqqət çəkir. Ölkə rəhbərliyinin dövlət müəssisələrində şəffaflığın artırılması, idarəetmənin təkmilləşdirilməsi və ictimaiyyət qarşısında hesabatlılığın təmin olunması barədə qəti tapşırıqlarına baxmayaraq, AZAL menecmentinin bu sahədə ləngiməyə yol verməsi ciddi suallar doğurur.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) hazırkı prezidenti Samir Musa oğlu Rzayevdir. O, 22 fevral 2024-cü il tarixindən etibarən bu vəzifəyə təyin edilmişdir.





















