Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ukrayna müharibəsinin başa çatdırılmasının vacibliyini açıq şəkildə dilə gətirməsi diqqət çəkib. Siyasi ekspertlər Tokayevin bu sözlərinin təkcə Astananın mövqeyi olmaya biləcəyini iddia edirlər.
Korrekt.az xarici agentliklərə istinadən xəbər verir ki, Tokayevin fikrini kifayət qədər açıq şəkildə ifadə etməsi və Putinin həmin an reaksiyası sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Ukraynalı politoloq Ruslan Aysin isə Tokayevin belə həssas məsələni təsadüfən gündəmə gətirmədiyini düşünür. Onun versiyasına görə, Qazaxıstan prezidenti Çin lideri Si Cinpinin mesajını Kremlə çatdırmış ola bilər.
“Tokayev çox təcrübəli və incə diplomatdır. O, səbəbsiz yerə qarşıdurmaya getməz. Böyük ehtimalla bunu Si Cinpinin xahişi ilə edib və məsələ əvvəlcədən razılaşdırılıb”, – Aysin bildirib.
Aysin Putinin reaksiyasına da diqqət çəkib. Onun fikrincə, Tokayevin dediklərini eşitmək Rusiya prezidenti üçün xoş olmayıb:
“Görünür, Putinə bunları eşitmək xoş deyildi: videoda o, gözlərini yerə dikir. Ancaq həm Tokayev, həm də ondan əvvəl Lukaşenko ona kifayət qədər aydın şəkildə anlatdılar: ‘Əziz dost, işlərin elə də yaxşı getmir və nəsə etmək lazımdır’.”
Politoloq Lukaşenko ilə bağlı maraqlı ardıcıllığa da diqqət çəkib. Belarus lideri iyunun sonunda Valdayda Putinlə görüşüb, bundan dərhal sonra isə Çinə səfər edib.
Aysin məhz bu məqamları əsas gətirərək Tokayevin Putin qarşısında səsləndirdiyi fikirlərin Pekinlə razılaşdırılmış mesaj ola biləcəyini düşünür. Bununla belə, Tokayevin Si Cinpinin adından danışdığına dair rəsmi məlumat yoxdur və bu, ekspertin irəli sürdüyü siyasi versiyadır.Musavat.com





















