“ABŞ-nin Cənubi Qafqaza marağı yeni deyil. Vaşinqton hələ 1990-cı illərin əvvəllərindən regional proseslərdə fəal iştirak edib. Həmin dövrün ən mühüm nəticələrindən biri Azərbaycan neftini Aralıq dənizinə çıxaran Bakı–Tbilisi–Ceyhan boru kəmərinin həyata keçirilməsi olub. Bununla belə, sonrakı illərdə ABŞ siyasətində müəyyən dəyişikliklər baş verib.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, xüsusilə Barak Obama administrasiyası dövründə praqmatik yanaşma ideoloji yanaşma ilə əvəzlənib və bu da region ölkələri ilə münasibətlərdə çətinliklər yaradıb.
“Hazırda isə Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşır. Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, Ermənistanla Türkiyə arasında normallaşma prosesi, eləcə də regional nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri beynəlxalq diqqətin mərkəzindədir. ABŞ bu dəyişiklikləri nəzərə alaraq regiondakı mövqeyini gücləndirməyə çalışır. Cənubi Qafqaz coğrafi baxımdan Rusiya və İran arasında yerləşir. Hazırkı mərhələdə hər iki ölkə müxtəlif daxili və xarici problemlərlə üzləşdiyindən onların regiondakı təsir imkanları əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Ermənistan-Rusiya münasibətlərində gərginlik müşahidə olunur, İran isə regional və beynəlxalq təzyiqlər səbəbindən öz mövqelərini bərpa etməyə çalışır. Bu vəziyyət ABŞ üçün yeni imkanlar yaradır.”- deyə politoloq bildirib.
Arzuman Muradlı qeyd edib ki, Vaşinqton üçün Cənubi Qafqaz yalnız bir region deyil, həm də Mərkəzi Asiyaya açılan strateji qapıdır. ABŞ Mərkəzi Asiyada mövqelərini gücləndirmək istəyirsə, bunun üçün Cənubi Qafqazla əməkdaşlığı genişləndirməsi vacibdir.
“ABŞ-nin diqqətini regiona yönəldən digər mühüm amil Çinlə davam edən qlobal rəqabətdir. Çin son illərdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə iqtisadi və siyasi əlaqələrini genişləndirib, ticarət dövriyyəsini artırıb və müxtəlif regional təşəbbüslər vasitəsilə təsir imkanlarını gücləndirib. Bu isə ABŞ-ni regionda daha fəal siyasət yürütməyə sövq edir.”– deyə politoloq əlavə edib.
Arzuman Muradlı bildirir ki, hazırda ABŞ region ölkələri ilə iqtisadi əməkdaşlığın yeni mərhələsini formalaşdırmağa çalışır.





















