Braziliyalı jurnalist və geosiyasi analitik Pepe Eskobar Pakistan ordusunun komandanı, feldmarşal Asim Munirə qarşı İsrail tərəfindən hazırlandığı iddia edilən sui-qəsd planının qarşısının alındığını bildirib.
Onun sözlərinə görə, Pakistan hərbi kəşfiyyatı İsveçrədə keçirilən sülh konfransı zamanı Asim Munirin hədəfə alınmasına dair məlumat əldə edib.
Korrekt.az xəbər verir ki, Eskobar bu barədə livanəsilli avstraliyalı sahibkar və siyasi şərhçi Mario Naufalla X sosial şəbəkəsindəki söhbəti zamanı danışıb.
Analitik iddia edib ki, sözügedən planın arxasında İsrailin xarici kəşfiyyat xidməti Mossad dayanıb və əməliyyatın məqsədi Asim Munir, eləcə də İsveçrədə keçirilən danışıqlarda iştirak edən Pakistan nümayəndə heyətinin digər üzvləri olub.

İsrailə gizli xəbərdarlıq göndərildiyi iddia olunur
Eskobarın sözlərinə görə, Pakistan kəşfiyyatı “son dərəcə etibarlı məlumat” əldə etdikdən sonra hərəkətə keçib və diplomatik kanallar vasitəsilə İsrailə sərt mesaj göndərib.
“Pakistan hərbi kəşfiyyatı Netanyahu tərəfindən verilən göstəriş əsasında Mossad-ın Asim Munirə və bəlkə də İsveçrəyə gedən bütün Pakistan nümayəndə heyətinə qarşı sui-qəsd hazırladığına dair çox etibarlı məlumatı ələ keçirib. Bundan sonra pakistanlılar ənənəvi vasitəçiləri, məncə, bu halda Oman vasitəsilə israillilərə birbaşa mesaj göndəriblər ki, “əgər nümayəndə heyətimizə toxunsanız, sizi xəritədən siləcəyik”. Mənbəmizin bizə çatdırdığı məlumat budur”, – deyə Eskobar bildirib.
Analitik əlavə edib ki, İsrail və Pakistan arasında son vaxtlar artan gərginlik fonunda baş verənlər ictimaiyyətə təqdim olunduğu kimi deyil və hadisələrin pərdəarxasında fərqli proseslər gedir.
Lakin iddia olunan sui-qəsd planı ilə bağlı indiyədək nə İsrail, nə də Pakistan rəsmiləri tərəfindən hər hansı təsdiq verilməyib. Həmçinin İsveçrə, ABŞ və Pakistanın təhlükəsizlik qurumları konfrans zamanı belə bir təhlükə barədə xəbərdarlıq etməyib və ictimaiyyət qarşısında məsələ qaldırmayıb.
Qeyd edək ki, ötən həftə Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir ABŞ ilə İran arasında aparılan sülh təşəbbüsləri çərçivəsində təşkil olunan müzakirələrdə iştirak etmək üçün İsveçrənin Mungenstok bölgəsinə səfər etmişdilər.
Hazırda səsləndirilən iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyindən onların doğruluğu ilə bağlı qəti nəticə çıxarmaq mümkün deyil.
Musavat.com





















