Nepalda Everest ətrafında turizm sektorunu sarsıdan böyük qalmaqal üzə çıxıb.
Korrekt.az xəbər verir ki, polis 2022–2025-ci illərdə fəaliyyət göstərdiyi bildirilən, ümumi zərəri 20 milyon dolları aşan genişmiqyaslı sığorta dələduzluğu sxemini ifşa edib.
İstintaq materiallarına görə, bir qrup şəxs turistlərin qida və suyuna dağ xəstəliyinə bənzər əlamətlər yaradan preparatlar qatıb. Nəticədə alpinistlərdə ürəkbulanma, başgicəllənmə və halsızlıq yaranıb, daha sonra onlara təcili təxliyənin vacib olduğu təlqin edilib.
Bundan sonra Everest marşrutu üzrə turistlər üçün vertolyot çağırılıb və bu, sığorta hadisəsi kimi rəsmiləşdirilib. Məlumata əsasən, bir real uçuş üçün bir neçə reys kimi hesab təqdim olunub. Turistlər xəstəxanaya çatdırıldıqdan sonra isə bəzi hallarda onların vəziyyəti ilə bağlı saxta “kritik durum” rəyləri yazılıb.
Beləliklə, sığorta şirkətləri milyonlarla dollar zərərə düşüb. İstintaq artıq cinayət sxemində iştirak etdiyi bildirilən 32 nəfərə qarşı ittiham irəli sürüb. Onların arasında bələdçilər, şerpalar, vertolyot xidmətinin dispetçerləri və pilotları, həmçinin bəzi tibb işçiləri də var.
Məlumata görə, bu sxemin qurbanı minlərlə turist olub. Nepal hakimiyyəti isə belə halların qarşısını almaq üçün təcili tədbirlər hazırlayır.Musavat.com





















