image-1backend

ŞOK RƏQƏMLƏR! “ABB İnvest”in birja itkiləri 5 milyard manatı ötüb

image-ads-728x90
“ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin 2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% azalıb.

Korrekt.az  Plat.az-a istinadla xəbər verir ki, şirkətin 10 aylıq birja dövriyyəsi 26 milyard 490,9 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 31 milyard 784,3 milyon manat olub.

Beləliklə, “ABB İnvest”in birja dövriyyəsi illik müqayisədə 5 milyard 293,4 milyon manat azalıb.

Bununla belə, şirkət dövriyyənin həcminə görə BFB üzvləri arasında ötənilki ikinci pillədən birinci yerə yüksəlib.

Dövlət istiqrazları üzrə dövriyyə 81% azalıb

BFB-nin göstəricilərinin müqayisəsi göstərir ki, şirkətin dövriyyəsindəki azalmanın əsas səbəblərindən biri dövlət istiqrazları üzrə əməliyyatların kəskin geriləməsidir.

Belə ki, 2025-ci ilin ilk 10 ayında “ABB İnvest”in dövlət istiqrazları üzrə dövriyyəsi 4 milyard 433,3 milyon manat olduğu halda, bu ilin eyni dövründə 856,9 milyon manata enib.

Nəticədə bu istiqamətdə dövriyyə 3 milyard 576,4 milyon manat və ya 80,7% azalıb.

Repo əməliyyatlarında 2,1 milyard manatlıq azalma

Şirkətin ümumi dövriyyəsində ən böyük paya malik repo əməliyyatlarında da geriləmə qeydə alınıb.

2025-ci ilin yanvar-oktyabr aylarında repo əməliyyatlarının həcmi 26 milyard 754,3 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 24 milyard 647 milyon manata düşüb.

Beləliklə, repo dövriyyəsi 2 milyard 107,3 milyon manat və ya 7,9% azalıb.

Dövlət istiqrazları və repo əməliyyatları üzrə ümumi azalma 5,7 milyard manata yaxın olub. Digər istiqamətlərdəki artım bu azalmanın bir hissəsini kompensasiya edib.

Mərkəzi Bankın qiymətli kağızlarında dövriyyə üç dəfədən çox artıb

Ümumi geriləməyə baxmayaraq, “ABB İnvest”in Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları üzrə əməliyyatlarında əhəmiyyətli artım müşahidə olunub.

Bu istiqamətdə dövriyyə 2025-ci ilin ilk 10 ayındakı 181,7 milyon manatdan 572,3 milyon manata yüksəlib. Artım 390,6 milyon manat və ya 3,1 dəfə təşkil edib.

Korporativ istiqrazlar üzrə dövriyyə isə 399,8 milyon manatdan 393 milyon manata enərək 1,7% azalıb.

Səhmlər üzrə əməliyyatların həcmi 15,2 milyon manatdan 21,6 milyon manata yüksəlib.

Əqdlərin sayı 23% artıb

Dövriyyənin azalmasına baxmayaraq, şirkətin həyata keçirdiyi əməliyyatların sayında artım qeydə alınıb.

2025-ci ilin yanvar-oktyabr aylarında “ABB İnvest” 21 809 əqd bağladığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 26 863-ə yüksəlib.

Beləliklə, əqdlərin sayı 5 054 ədəd və ya 23,2% artıb.

Bununla yanaşı, bir əqdə düşən orta dövriyyə təxminən 1,46 milyon manatdan 986,1 min manata enib. Bu isə orta əqd məbləğinin 32,3% azalması deməkdir.

Qeyd edək ki, “ABB İnvest İnvestisiya Şirkəti” QSC 2020-ci ildə yaradılıb və Azərbaycan Beynəlxalq Bankının törəmə şirkətidir. Şirkət kapital bazarında broker, diler və digər investisiya xidmətləri göstərir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki