image-1backend

Son dərəcə şübhəli son saniyə qolu – “Benfika-Real” matçının nəticəsi razılaşdırıldımı?

image-ads-728x90

Çempionlar Liqasında Avropa vaxtı ilə dünən saat 23-də başlayan 18 matçın içində elə biri oldu ki, onun nəticəsi, demək olar, bütün Avropa ölkələrindəki futbol azarkeşlərində heyrət doğurdu.

Bu, “Benfika”-“Real Madrid” matçıydı. Çempionlar Liqasının növbəti mərhələsinə adlayacaq 24-cü komandanın adı yalnız son saniyədə bu oyunda bilindi. “Benfika” son saniyədə bir qol vuraraq, top fərqi ilə “Marsel”i qabaqladı və 24-cü oldu.

“Qarabağ”ın Portuqaliyada 3:2 hesabıyla məğlub etdiyi “Benfika” dünyanın ən titullu klubu “Real”a 4:2 hesabı ilə qalib gəldi. (Yeri gəlmişkən, o zaman “Qarabağ”a məğlubiyyət “Benfika”da baş məşqçi dəyişikliyinə səbəb olmuşdu, nəticə Portuqaliya klubunun başına dünyanın ən qalmaqllı məşqçisi Joze Mourinyo gəlmişdi).

Əslində “Benfika”-“Real” oyunu matçın 36-cı dəqiqəsinə qədər gözlənildiyi kimi gedirdi. Madrid klubu Mbappenin qolu ilə önə keçmişdi. Bu, gözlənilən idi. “Real”ın daha bir neçə qol vuracağı gözlənilirdi. Ancaq 36-cı dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirdilər. Bu da normal gedişat idi. Sonra “Benfika” ikinci, üçüncü qolu vuranda bir çox azarkeşlər barmaqlarını dişlədilər. Bir çoxları dərhal vaxtilə “Real”ın baş məşqçisi olmuş Mourinyonu və onun əlaqələrini xatırladılar. “Real” bu oyunun nəticəsindən asılı olmayaraq növbəti mərhələyə çıxmsını təmin etmişdi, “Benfika” isə mütləq qələbə qazanmalıydı və artıq qazanırdı.

Matçın 58-ci dəqiqəsində “Real” daha bir qol vursa da, artıq heç kəsdə şübhə yox idi ki, bu komanda qalan vaxt ərzində (32+8) 3-cü qolu vurmayacaq. Elə də oldu. “Real”, necə deyərlər, bir qəpiklik oyun göstərmədi, oyunu yola verdi. Üstəlik, oyunun son dəqiqəsində “Benfika” üçün həyati vacib olan dördüncü qolu buraxdı – həm də oyuna artırılmış 5 dəqiqəyə nəyə görəsə yenidən artırılmış 3-cü dəqiqədə. 18 oyunun 17-si bitmişdi, yalnız “Benfika”-“Real” oyunu davam edirdi. Bu oyuna artırılımış 5 dəqiqə də başa çatmışdı, amma hakim oyunun son fitini vermirdi. Nəhayət, “Benfika” lazımi qolu vurdu və matç sona çatdı. Ara yerdə “Marsel” 24-cü pillədən 25-ə sürüşdü.

İndi UEFA bu şübhəli matçla bağlı araşdırma aparacaqmı, aparmayacaqmı, bəlli deyil. Yəqin ki, tərəflərə heç nəyi sübut etmək mümkün olmayacaq. Necə deyərlər, tutulmayan oğru, xandan, bəydən doğru.

Bu oyunla bağlı futbol azarkeşlərini şübhələndirən məqamlar isə çoxdur. Adətən, belə şübhələr illər sonra təsdiqini tapır, işin içində olanlardan kimsə çıxıb etiraf edir ki, filan komanda o vaxt qələbəni belə qazandı.

Futbolda danışlmış oyunlarla bağlı qalmaqallar 120 il əvvəl də olub, günümüzdə də baş verir.

1905-ci ildə İngiltərədə “Mançester Siti” komandasının oyunçusu Billi Meredit “Aston Villa”nın oyunçularına mövsümün son matçını qəsdən uduzmaları üçün rüşvət təklif edib, nəticədə istintaq “Mançester Siti”dəki korrupsiya faktlarını ortaya çıxarıb.

Ondan 10 il sonra, 1915-ci il aprelin 2-də “Old Trafford”da keçirilən “Mançester Yunayted” və “Liverpul” oyununda hər iki klubun oyunçularının futbol totalizatorunda pul qazanmaq ümidi ilə əvvəlcədən razılaşdırılmış nəticəyə mərc qoyduqları aşkara çıxıb.

1980-ci ildən ta günümüzə qədər İtaliya futbolunda danışılmış oyunlarla bağlı qalmaqallar səngimir. 198081-ci il mövsümündə bu cür fırıldaqlara görə aşağıdakı klublar cəzalandırılıb:

“Milan” A seriyasında B seriyasına salınıb;
“Latsio” 10 milyon italyan lirəsi cərimə edilib, apellyasiya şikayətindən sonra B seriyasına endirilib;
“Avellino”nun 5 xalı silinib;
“Bolonya”nın 5 xalı silinib;
“Peruca”nın 5 xalı silinib;
“Palermo” bəraət qazanıb, apellyasiya şikayətindən sonra 5 xalı silinib;
“Taranto” bəraət qazanıb apellyasiya şikayətindən sonra 5 xalı silinib.

2006-cı ildə isə İtaliya futbol çempionatının iki yüksək divizionunda – A və B seriyalarında komandalar arasında gizli sövdələşmə ilə bağlı qalmaqal yaranıb. Cinayət işi 2006-cı ilin may ayında İtaliya polisi tərəfindən açılıb və istintaq “Juventus”, “Milan”, “Fiorentina”, “Latsio “və “Reggina” kimi klubların rəhbərləri ilə futbol hakimləri arasında sıx əlaqələrin olduğunu ortaya qoyub. Komandalar danışılmış oyunlarda və gizli sövdələşmədə ittiham edilib və sanksiyalara məruz qalıblar.

Beynəlxalq matçlarda son, həlledici ola biləcək oyunların hamısının eyni vaxtda keçirilməsi məhz son anda komandaların bir-birilə nəticəyə görə razılaşmasının qarşısının alınması üçündür. Müasir həyatda, kommunikasiya vasitələrinin inkişaf etdiyi indiki dövrdə isə bu, artıq əhəmiyyətini itirib. Çünki dünyanın o başındakı oyunun gedişatı və nəticəsi barədə bir neçə saniyənin içində xəbər tutmaq və ona nəzərə razılığa gəlmək mümkündür.

1982-ci il mundialında belə bir hadisə baş verib: Almaniya (AFR) və Avstriya qrup mərhələsinin üçüncü turunda bir oyun keçiriblər və bu oyun Almaniyanın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Bu hesab hər iki komandanın mənafeyinə uyğun olub. Onlar matçın çox hissəsini açıq şəkildə topu meydanda bir-birinə ötürərək, hücum etmədən, məşqdəymiş kimi hərəkət ediblər, vaxt öldürüblər. Bu, azarkeşlərin qəzəbinə və narazılığa səbəb olub. O vaxtdan bəri FİFA və UEFA qrup mərhələsinin final turundakı bütün oyunların eyni vaxtda oynanılmasını tələb edən bir qayda tətbiq edir.

2004-cü il Avropa futbol çempionatında isə Danimarka ilə İsveç arasında 2-2 və ya daha yüksək hesablı heç-heçə İtaliya ilə Bolqarıstan arasındakı matçın nəticəsindən asılı olmayaraq hər iki komandanı dörddəbir finala çıxarırdı. Matç məhz 2-2 hesabı ilə başa çatıb və növbəti mərhələyə keçə bilməyən italyanları qəzəbləndirib. Skandinaviyalı qonşuların oyunun nəticəsini razılaşdırılmış olması göz qabağındaykən, bunu sübut etmək mümkün olmayıb.

Burada hələ bukmeykerlərlə gizli sövdələşmə, rəqiblərin rüşvətxorluğu və ya müəyyən bir iştirakçının məğlubiyyətindən faydalanma halları da yer ala bilir. Futbol təsərrüfatının “zəhmətkeşləri” hər cür fırıldaqlara yol verirlər – matçın favoriti olan komandaların qəsdən uduzmasına və ya heç-heçə etməsindən tutmuş, bol qollu olacağı gözlənilən oyunların 0:0 hesabıyla bitməsinə qədər.

Ona görə də müasir futbolu dünyanın çox yerində “qumar oyunu” kimi xarakterizə edirlər.

Dünən gecə “Benfika” və “Real”ın qumar oynayıb-oynamadığını da gələcəkdə biləcəyik.

Ancaq həmin matçda daha bir şübhəli məqam “Real”ın iki oyunçusunun matçın son dəqiqələrində qırmızı kart alması idi. Bu, güman ki, “sona qədər döyüşdük, hətta qırmızı kart da aldıq, bacarmadıq” görüntüsü yaratmağa xidmət edib.

Araz Altaylı, Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki