image-1backend

Sosial mediada inqilabi QƏRAR: Tamamilə QADAĞAN OLUNUR

image-ads-728x90

Böyük Britaniya hökuməti uşaqların real uşaqlıq illərini özlərinə qaytarmaq məqsədilə 16 yaşından kiçik şəxslər üçün sosial media platformalarından istifadəni qadağan etməyə hazırlaşır.

Korrekt.az xəbər verir ki, bu tarixi qərar gələcək nəsillər üçün yeni bir sosial norma müəyyən edəcək və rəqəmsal platformaların 16 yaşınadək yeniyetmələrə xidmət göstərməsini tamamilə əngəlləyəcək.

Böyük Britaniya uşaqların təhlükəsizliyini təmin etmək üçün qlobal miqyasda ən sərt məhdudiyyətləri tətbiq edən ilk ölkə olacaq.

Belə ki, qadağa yalnız sosial şəbəkələrlə məhdudlaşmayacaq, uşaqlar üçün təhlükəli hesab edilən canlı yayımlar və yad adamların uşaqlarla birbaşa ünsiyyət qurmasına imkan verən funksiyalar da bloklanacaq.

Rəsmi London bununla texnologiya nəhənglərinin deyil, ailələrin tərəfində olduğunu və nəzarəti yenidən valideynlərə qaytaracağını nümayiş etdirir.

Valideynlərin 90%-i tərəfindən dəstəklənən bu qətiyyətli qanun layihəsinin Milad bayramından əvvəl parlamentə təqdim edilməsi və qoruyucu tədbirlərin 2027-ci ilin yazında qüvvəyə minməsi gözlənilir.

Hökumət sosial media qadağasında Avstraliyanın təcrübəsindən və modelindən istifadə etməyi planlaşdırır. Bu qadağa istifadəçilərin qarşılıqlı əlaqədə olmasına, material paylaşmasına imkan verən və alqoritmlərlə işləyən bütün platformaları əhatə edəcək. Siyahıya Snapchat, TikTok, YouTube, Instagram, Facebook və X (keçmiş Twitter) kimi nəhənglər daxildir. “WhatsApp” və “Signal” kimi birbaşa mesajlaşma proqramları isə bu qadağadan istisna olunacaq.

Qaydalara əsasən, oyun saytları da daxil olmaqla daha geniş onlayn xidmətlərdə canlı yayım və yad adamlarla ünsiyyət funksiyaları 16 yaşdan kiçiklər üçün tamamilə qapadılacaq. 16-17 yaşlı yeniyetmələr üçün isə bu funksiyalar ilkin tənzimləmə olaraq avtomatik şəkildə qapalı (off) rejimdə təqdim ediləcək. Həmçinin hökumət iyul ayında 18 yaşınadək şəxslər üçün gecə saatlarında sosial mediaya komendant saatının tətbiqi və sonsuz skrolinqin (baxışın) dayandırılması ilə bağlı daha ətraflı planını açıqlayacaq.

Süni intellekt əsaslı və cinsi münasibətləri simulyasiya edən onlayn “romantik partnyor” çatbotlarından istifadə üçün isə minimum yaş həddi 18 olaraq təyin ediləcək.

Böyük Britaniyanın baş naziri Kir Starmer mövzu ilə bağlı kəskin mövqe nümayiş etdirib:

“Valideynlər uşaqlarını təhlükəsiz və xoşbəxt böyütmək istəyirlər, lakin onlayn dünya bunu indiyə qədər görünmədiyi qədər çətinləşdirib. Mən dəyişiklik üçün fəryad edən ailələri şəxsən dinləmişəm və biz onların etimadını doğruldacağıq. Bu, bizim qırmızı xəttimizdir. Texnologiya nəhənglərinin şansı var idi və onlar bundan istifadə edə bilmədilər. İndi biz uşaqları qorumaq, valideynləri dəstəkləmək və gələcək nəsillər üçün yeni bir normal yaratmaq məqsədilə prosesə müdaxilə edirik”.

Texnologiya naziri Liz Kendall isə öz növbəsində qeyd edib ki, bu addım uşaqların onlayn məkanda daha sağlam yaşaması üçün atılan cəsarətli bir addımdır: “Mənim əsas məqsədim hər bir uşağa, kimliyindən asılı olmayaraq, həyata ən yaxşı başlanğıcı verməkdir və bu qaydalar məhz buna xidmət edəcək”.

Uşaqların bu qadağalardan yan keçməsini əngəlləmək üçün ölkədə Yüksək Effektiv Yaş Təsdiqləmə (HEAA) sistemləri tətbiq olunacaq. Media tənzimləyicisi “Ofcom” qısa müddətdə istifadəçinin 16 yaşdan yuxarı olub-olmadığını müəyyən edən effektiv üsulları araşdıracaq. Hökumət “Ofcom”un bu yeni vəzifələrini, eləcə də onlayn məkanda qadınların qorunması, uşaq istismarı materialları və onlayn fırıldaqçılıqla mübarizə funksiyalarını tam yerinə yetirməsi üçün lazımi maliyyə dəstəyi ilə təmin edəcəyinə söz verib.

Ölkə daxilində keçirilən və 116 mindən çox valideyn, uşaq və ekspertin qatıldığı ictimai rəy sorğusu da xalqın bu qərara böyük dəstək verdiyini göstərib. Valideynlərin 90%-i qadağanı dəstəklədiyi halda, gənclərin də üçdə ikisi 16 yaşından kiçiklərin bəzi sosial platformalardan istifadəsinin məhdudlaşdırılması ilə razılaşıb.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki