image-52faed9a_3d65_4139_8162_82c4a68533c7_1745347582_1747909787_1748448530backend

Sülh prosesində yeni mərhələdə əldə olunan nəticələr praktik məzmun qazanır

image-ads-728x90

8 avqust 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində əldə olunan nəticələrin artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. Tərəflərin 2025-ci il 8 avqust Vaşinqton Sülh Sammitinin birinci ildönümünü və Sülh Sazişinin mətninin ilkin paraflanmasını xüsusi qeyd etməsi ötən bir ildə formalaşan siyasi iradənin qorunduğunu nümayiş etdirir.
Burada qeyd edilməsi vacib olan xüsusilə əhəmiyyətli məqamlardan biri sülhün nəticələrinin iqtisadi və kommunikasiya sahələrində özünü göstərməsidir. Azərbaycanın neft məhsullarını Ermənistana ixrac etməsi, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində daşınması və TRIPP marşrutunun icrası ilə bağlı müzakirələr sülh prosesinin yalnız siyasi münasibətlərin normallaşması deyil, regionun iqtisadi arxitekturasının dəyişməsi baxımından da strateji əhəmiyyət daşıdığını göstərir.

Azərbaycan baxımından bu prosesin əsas üstünlüyü ondan ibarətdir ki, ölkənin yaratdığı yeni regional reallıqlar tədricən qarşılıqlı iqtisadi maraqlarla möhkəmlənir. Sülhün davamlılığının təmin edilməsi, kommunikasiyaların açılması və regional ticarətin genişlənməsi Azərbaycanın tranzit və logistika imkanlarını artırmaqla yanaşı, regionda uzunmüddətli sabitliyin formalaşmasına xidmət edəcək.

Digər mühüm məqam ABŞ-ın, xüsusilə Prezident Donald Tramp administrasiyasının sülh prosesindəki rolunun həm Azərbaycan, həm də Ermənistan tərəfindən xüsusi vurğulanmasıdır. Bu, Vaşinqton razılaşmalarının regional prosesdə mühüm siyasi çərçivə yaratdığını və əldə olunmuş razılaşmaların davamlı icrasının beynəlxalq dəstəyə malik olduğunu göstərir.

Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında bugünkü telefon danışığını sülh prosesinin nəticələrinin konsolidasiyası kimi qiymətləndirmək mümkündür. Əsas məsələ bundan sonra siyasi razılaşmaların praktiki icrasının sürətləndirilməsi, regional kommunikasiyaların tam fəaliyyətə başlaması və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərində son bir ildə yaranmış dinamika Cənubi Qafqazda qarşıdurma modelindən əməkdaşlıq modelinə keçidin real əsaslarının formalaşdığını göstərir.

Vasif Qafarov 

Milli Məclisin deputatı 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki