İqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı saytımıza açıqlamasında ölkədə qiymətlərin süni şəkildə qaldırıldığını bildirib.
Ekspertin sözlərinə görə, bəzi sahibkarlar qiymətləri öz bildikləri kimi artırırlar ki, bu da yolverilməzdir. Arzuman Muradlı qeyd edib ki, qardaş Türkiyədə qiymətləri süni şəkildə artıranlara qarşı ciddi mübarizə aparılır və bu tədbirlər müəyyən effekt verir.
İqtisadçı son dövrlərdə kənd təsərrüfatı məhsullarında, xüsusilə meyvə-tərəvəz bazarında kəskin bahalaşmanın müşahidə olunduğunu vurğulayıb. Onun fikrincə, bunun əsas səbəbi topdansatış məntəqələrinin fəaliyyəti ilə bağlıdır. Ekspert əlavə edib ki, son günlər ət məhsullarında da bahalaşma qeydə alınır və bu tendensiya ölkənin iqtisadi təhlükəsizliyinə ciddi təhdid yaradır.
Arzuman Muradlı bildirib ki, qiymət artımına səbəb olan amillər aradan qaldırılmalı, bazarda nəzarət gücləndirilməlidir. Onun sözlərinə görə, rayonlarda 40–50 qəpiyə satılan məhsulun Bakıda 2 manata təklif olunması qəbuledilməzdir. Bu vəziyyətin arxasında monopoliya yaradan qüvvələrin dayandığını deyən ekspert, böyük bazarlarda qiymətlərə nəzarət edən sahibkarların cəzalandırılmasının vacibliyini vurğulayıb.
Ekspert misal olaraq mandarin qiymətlərini də qeyd edib. Bildirib ki, cənub rayonlarında 70 qəpik – 1 manat arasında satılan mandarin Bakıda 2–2,5 manat aralığında təklif olunur ki, bu da süni qiymət artımının bariz nümunəsidir.






















