ABŞ prezidenti Donald Tramp oktyabrın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bir gün ərzində ikinci dəfə telefonla zəng edib.
Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, telefon danışığı Ankarada Türkiyənin Respublika Günü və Türk Dövlətləri Təşkilatının (TDT) zirvə görüşü münasibətilə təşkil olunan liderlərarası şam yeməyi zamanı baş tutub.
Söhbət zamanı Ərdoğan tədbirdə iştirak edən liderlərin salamlarını Trampa çatdırıb. Türkiyə prezidenti, həmçinin Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü zirvə görüşü barədə danışıb və sammitdə təşkilatın gələcək inkişafına töhfə verəcək mühüm qərarların qəbul olunacağına əminliyini ifadə edib.
Ərdoğan 200 milyondan çox insanı təmsil edən Türk Dövlətləri Təşkilatının Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Donald Tramp isə qarşıdan gələn zirvə görüşünün uğurla keçirilməsini arzulayıb.
Qeyd edək ki, iki prezident arasında əvvəlki telefon danışığı oktyabrın 28-də baş tutub. Həmin söhbətdə ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.
Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik prosesin bərpasına töhfə verməyə hazır olduğunu bildirib. O, həmçinin Hörmüz boğazı və Yəməndəki vəziyyətin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.
Tramp isə Türkiyə prezidentini və türk xalqını Respublika Günü münasibətilə təbrik edib.





















