image-1backend

The New York Times: Tramp  F-35 qırıcılarını Türkiyəyə verir

image-ads-728x90

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə beşinci nəsil F-35 qırıcı təyyarələrinin satışını təsdiqləməyə hazırlaşdığı bildirilir.

Korrekt.az xəbər verir ki, ABŞ-ın The New York Times (NYT) nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Trampın bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat verməsi gözlənilir.

Nəşrin yazdığına əsasən, Ağ Evin Türkiyəyə F-35 qırıcılarının satışına Konqres tərəfindən qoyulan məhdudiyyətləri hansı mexanizmlə aradan qaldıracağı hələlik məlum deyil. Məlumatda qeyd olunur ki, ABŞ administrasiyasının anonim rəsmiləri Vaşinqton və Ankara arasında Türkiyənin F-35 proqramına yenidən qoşulması prosesini başlatmaq məqsədilə rəsmi məktubların mübadilə oluna biləcəyini istisna etmirlər.

Bununla yanaşı, amerikalı rəsmilər Donald Trampın yekun qərar vermədiyini və mövqeyini dəyişə biləcəyini də bildiriblər.

Xatırladaq ki, iyunun sonunda Euractiv portalı ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən imtina edəcəyi təqdirdə F-35 qırıcılarının satışına yenidən baxa biləcəyini yazmışdı. Məlumata görə, Vaşinqton S-400 sistemlərinin Rusiyaya qaytarılmasını deyil, üçüncü ölkəyə satılmasını mümkün variantlardan biri kimi qiymətləndirir.

ABŞ 2019-cu ildə Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün F-35 proqramından çıxarmışdı. Vaşinqton bu qərarı S-400 sistemlərinin F-35 qırıcıları ilə eyni vaxtda istismarının təyyarələrin texnoloji imkanları barədə həssas məlumatların əldə olunması riski yaratması ilə əsaslandırmışdı.

Məlumata görə, İsrail və Yunanıstan da Türkiyəyə F-35 qırıcılarının verilməsinə qarşı çıxır. Hər iki ölkə hesab edir ki, bu addım regionda mövcud hərbi-strateji güc balansına mənfi təsir göstərə bilər.

Qeyd edək ki, Ağ Ev və Türkiyə tərəfi NYT-də yer alan məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki