Yanvarın 22-də İsveçrənin Davos şəhərində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın nizamnaməsinin imzalanma mərasimi keçirilib. Mərasimdə “Sülh Şurası”na sədrlik edəcək Donald Tramp dəvəti qəbul edən və imzalanma mərasimində iştirak edən bütün ölkə liderlərinə təşəkkür edib.
Korrekt.az xəbər verir ki, ABŞ prezidenti çıxışı zamanı vasitəçilik etdiyi münaqişələrə, o cümlədən Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin həllinə toxunub. Tramp bildirib ki, bu proseslərdə iştirak edən ölkələrin liderlərinin əksəriyyəti onun dostları olub. O, dünyanın artıq “daha dinc” bir mərhələyə qədəm qoyduğunu vurğulayıb.
Donald Tramp “Sülh Şurası”nın artıq fəaliyyətə başladığını və uğurla işlədiyini qeyd edərək, “Bizim daxildən idarə edən əla bir komandamız və inanılmaz gənclərimiz var”, – deyə bildirib.
ABŞ lideri, həmçinin yaradılmaqda olan “Sülh Şurası”nın Birləşmiş Millətlər Təşkilatı ilə birgə fəaliyyət göstərəcəyini açıqlayıb. Onun sözlərinə görə, şura tam formalaşdıqdan sonra geniş imkanlara sahib olacaq və bu imkanlar BMT ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq.
“Birləşmiş Millətlər Təşkilatının böyük potensialı var. Bu potensial indiyədək tam istifadə olunmayıb, lakin imkanlar çox genişdir”, – deyə Donald Tramp əlavə edib.





















