ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə baxışını dəyişib.
Korrekt.az xəbər verir ki, “Bloomberg”in G7 Sammitinə dair yazısında belə deyilir.
Nəşr bildirir ki, artıq həm Trampın yaxın ətrafında, həm də G7 ölkələri liderləri arasında Rusiyanın döyüş meydanında qələbə qazana bilməyəcəyi barədə qəti fikir birliyi var. Bu, Trampın 2025-ci ilin avqustunda Alyaskada Vladimir Putinlə görüşündən sonra Ukraynanın “kozırlarının olmadığına” dair fikirləri və Ukraynaya ərazi güzəştlərilə bağlı təzyiqlərilə üst-üstə düşmür. Bu, onun mövqeyində əhəmiyyətli bir dəyişiklikdir. Nəşrə anonimlik şərti ilə danışan G7 rəsmisinin sözlərinə görə, ABŞ və Avropa müttəfiqləri Kiyevin mövqeyinin güclənməsi faktı ilə razıdırlar.
Mənbə “Bloomberg”ə bildirib ki, bu dəyişiklik Prezident Emmanuel Makronun Tramp və Zelenski arasında qısa danışıqlara ev sahibliyi etdiyi Fransanın Evian şəhərində keçirilən G7 sammitində özünü daha aydın göstərib. Rəsmi şəxsin sözlərinə görə, söhbət zamanı Zelenski Trampa Rusiyanın zərbəsi nəticəsində zədələnmiş Kiyevdəki Lavranın fotoşəkillərini göstərib və bu, Trampı təsirləndirib.
Daha sonra Qətər əmiri ilə görüşündə Tram deyib: “Rusiya razılığa gəlməlidir. Bütün bunlar sadəcə gülüncdür. Bəli, mən əlimdən gələni edəcəyəm”.
Bundan əlavə, “Bloomberg”-in qeyd etdiyi kimi, BƏƏ lideri ilə söhbətində Tramp, xüsusən də İranla müharibənin bitməsi nəzərə alınmaqla, Moskvaya qarşı sanksiyaların gücləndirilməsinə açıq olduğunu bildirib: “Biz bunu edə bilərik, çünki neft artıq axır”.
Böyük Britaniyanın Baş naziri Keir Starmer “Times Radio”ya verdiyi müsahibədə ritorikadakı dəyişikliyi Rusiya iqtisadiyyatının pisləşən vəziyyəti ilə əlaqələndirib. “Rusiya iqtisadiyyatı çox zərər çəkib və bu, Moskvada fərqli bir atmosfer yaradıb”.
Kanadanın Baş naziri Mark Karni isə Zelenski ilə görüşündə deyib: “Bu müharibədəki vəziyyət dəyişir və bu, müzakirə etdiyimiz məsələlərin bir hissəsidir. Bu gün biz G7-də birlik görürük”.“AzPolitika.info”





















