Ərdoğan İTÜ-nün Qarabağ Universitetində akademik bölmələrinin yaradılması barədə qərar imzalayıb
Türkiyə Qarabağ Universitetində İstanbul Texniki Universitetinə (İTÜ) bağlı akademik bölmələr yaradacaq.
Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar “Resmi Gazete”də dərc olunub.
Qərara əsasən, Qarabağ Universitetində İstanbul Texniki Universitetinə tabe olan akademik bölmələrin yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən etibarən İTÜ ilə beynəlxalq ikili diplom proqramına başlayacaq. Proqram “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2025-ci il tarixli sərəncamı çərçivəsində həyata keçirilir.
Qarabağ Universitetinin yaydığı məlumata görə, ikili diplom proqramı dörd mühəndislik ixtisasını əhatə edəcək. Bunlar inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyidir.
Tədris İstanbul Texniki Universitetinin proqramları əsasında və tam şəkildə ingilis dilində təşkil olunacaq. Tələbələrin ilk üç tədris ilini Xankəndidə yerləşən Qarabağ Universitetində, sonuncu tədris ilini isə İstanbulda keçirməsi planlaşdırılır.
Proqram çərçivəsində dərslərin İTÜ-nün professor-müəllim heyəti tərəfindən tədris olunacağı bildirilir.
Proqramı uğurla başa vuran məzunlar həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin bakalavr diplomlarını əldə edəcəklər. Təhsil və proqramla bağlı bütün xərclər dövlət hesabına maliyyələşdiriləcək.
Qeyd olunur ki, İTÜ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə Qarabağ Universitetində mühəndislik təhsilinin keyfiyyətinin artırılması, beynəlxalq təcrübənin tətbiqi və yüksək ixtisaslı mühəndis kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.





















