image-1backend

Türkiyədə vali həbs edildi

image-ads-728x90

Türkiyədə uzun illərdir gündəmdə olan Gülüstan Doku işi ilə bağlı istintaqda mühüm irəliləyiş əldə olunub. Altı ildir nəticəsiz qalan araşdırma yeni dəlillər əsasında yenidən dərinləşdirilib və yüksək vəzifəli şəxslərin də daxil olduğu geniş şübhəli şəbəkəsinə qarşı əməliyyat keçirilib.

Korrekt.az xəbər verir ki, Gülüstan Dokunun itkin düşməsi ilə bağlı Tunceli Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 15 nəfər saxlanılıb. Onlardan 11-i barəsində həbs qətimkan tədbiri seçilərək həbsxanaya göndərilib. Saxlanılan şəxslər “qəsdən adam öldürmə”, “cinsi təcavüz” və “sübutların məhv edilməsi” kimi ağır ittihamlarla üzləşirlər.

Həbs olunanlar arasında keçmiş vali Tuncay Sonelin oğlu Mustafa Türkay Sonel, Gülüstan Dokunun sevgilisi Zeynal Abakarov, onun ailə üzvləri, eləcə də hüquq-mühafizə və səhiyyə sistemində çalışmış şəxslər də var. ABŞ-da olduğu bildirilən şübhəli Umut Altaş barəsində isə beynəlxalq axtarış elan olunub.

Digər tərəfdən, istintaq çərçivəsində saxlanılan keçmiş vali Tuncay Sonel Ərzurumdə məhkəməyə çıxarılıb. Prokurorluq onun “cinayət sübutlarını məhv etmə, gizlətmə və ya dəyişdirmə” ehtimalı ilə əlaqəli olduğunu bildirib.

İstintaq materiallarında diqqət çəkən əsas məqamlardan biri Gülüstan Dokunun itkin düşməzdən əvvəl xəstəxanaya müraciəti ilə bağlı məlumatların sistemdən silinməsidir. Ekspert rəylərinə əsasən, bəzi rəqəmsal qeydlərin peşəkar şəkildə məhv edildiyi müəyyən olunub. Prokurorluq həmin qeydlərin bərpası və silinməsində kimin iştirak etdiyini araşdırır.

İş üzrə dönüş nöqtələrindən biri də “Fevral” kod adlı gizli şahidin ifadələri olub. Şahid bəzi şübhəlilərin Dokunu öldürdüyünü və meyitin gizli şəkildə dəfn edildiyini iddia edib. Bu məlumat əsasında aparılan axtarış və qazıntı işlərində torpaq altında müəyyən izlər aşkarlansa da, maddi sübut tapılmayıb.

İttiham olunan şəxslər isə onlara qarşı irəli sürülən iddiaları rədd edirlər. Mustafa Türkay Sonel ifadəsində hadisə ilə əlaqəsinin olmadığını və adının atasının vəzifəsinə görə bu işə qarışdırıldığını bildirib. Lakin istintaq orqanları onun mobil telefonunun hadisə yerinə yaxın ərazidə siqnal verməsini şübhəli hal kimi qiymətləndirir.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç  bildirib ki, ictimai rezonans doğuran bu iş bütün istiqamətləri ilə yenidən araşdırılır və istintaq “hara aparırsa aparsın” prinsipinə uyğun davam etdirilir.

Hazırda istintaq davam edir və yeni həbslərin istisna olunmadığı bildirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki