Ukrayna Rusiyanın Orenburq və Ufa şəhərlərində yerləşən Ozon şirkətinə məxsus logistika obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Korrekt.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, gecə saatlarında həyata keçirilən hücumlar nəticəsində hər iki müəssisədə təhlükəsizlik tədbirləri görülüb və əməkdaşlar dərhal təxliyə olunublar.
“Bütün əməkdaşlarımızı operativ şəkildə təxliyə etdik. İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur. Yanğın baş verməsi ilə bağlı da heç bir məlumat daxil olmayıb”, – deyə şirkətin açıqlamasında bildirilir.
Məlumata görə, Orenburqda yerləşən logistika müəssisəsi artıq fəaliyyətini bərpa edib. Ufadakı logistika kompleksinə isə müəyyən ziyan dəyib. Hazırda obyekt hərtərəfli texniki yoxlama başa çatana qədər fəaliyyət göstərməyəcək.
Şirkət həmçinin bildirib ki, müvəqqəti olaraq Ufa regionundakı təchizatçılardan yeni göndərişlər qəbul edilmir. Tranzitdə olan yüklər isə digər logistika mərkəzlərinə yönləndirilir.
Bununla yanaşı, şirkət müştərilərin sifarişlərini əvvəlki qaydada verə biləcəyini və xidmətlərin davam etdirildiyini açıqlayıb.





















