“The Atlantic” nəşri Ukraynalı qızlardan ibarət gizli şəbəkə haqqında geniş məqalə dərc edib. Oxucularımız üçün maraqlı olduğunu düşünüb, həmin məqaləni təqdim edirik.
Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində fəaliyyət göstərən müqavimət hərəkatı son illərdə əhəmiyyətli dərəcədə böyüyüb. Əgər işğalın ilk aylarında əsasən açıq etiraz aksiyaları və Ukrayna bayraqlarının nümayişi ilə seçilirdisə, hazırda bu fəaliyyət daha çox gizli kəşfiyyat və koordinasiya şəbəkəsinə çevrilib.
“The Atlantic” nəşrinin yazdığına görə, Rusiyanın sərt nəzarət tədbirləri, müşahidə kameraları, üz tanıma sistemləri və təhlükəsizlik yoxlamaları Ukrayna tərəfdarı fəalları fəaliyyət metodlarını dəyişməyə məcbur edib. Bu gün işğal olunmuş ərazilərdə Ukraynaya dəstəyin açıq şəkildə nümayiş etdirilməsi ciddi təqiblər və hətta işgəncələrlə nəticələnə bilər.
Nəşrin məlumatına əsasən, Ukrayna müqavimətinin mühüm hissəsini yeraltı şəbəkədə “cadugərlər” adlandırılan qadınlar təşkil edir. Bu termin qədim ukrayna dilindəki “bilmək”, “xəbərdar olmaq” mənasını verən sözlə əlaqələndirilir. Həmin qadınların bir qismi işğal administrasiyalarında, məktəblərdə və tibb müəssisələrində fəaliyyətlərini davam etdirərək müxtəlif məlumatlar toplamaq imkanı əldə edirlər.
Məqalədə qeyd olunur ki, toplanan məlumatlar Ukrayna qüvvələrinin hərbi obyektlərə, logistika mərkəzlərinə və komanda məntəqələrinə qarşı həyata keçirdiyi zərbələrin planlaşdırılmasında istifadə olunur.
Bundan başqa, Ukrayna xüsusi xidmət orqanlarının internet üzərindən kəşfiyyat fəaliyyətinə də geniş yer verilir. İddialara görə, bəzi hallarda saxta sosial media və mesajlaşma hesabları yaradılaraq Rusiya hərbçiləri ilə əlaqələr qurulur, bu yolla hərbi obyektlərə dair foto və məlumatlar əldə edilir. Sonradan həmin məlumatlar hərbi məqsədlərlə təhlil olunur.
Məqalədə həmçinin bildirilir ki, Rusiya işğal olunmuş ərazilərdə mobil rabitə və internet üzərində ciddi nəzarət sistemi qurub. Buna görə də müqavimət üzvləri məlumat ötürmək üçün xüsusi təhlükəsizlik qaydalarından, şifrələnmiş əlaqə vasitələrindən və “təmiz” telefonlardan istifadə edirlər.

Nəşr yazır ki, müqavimət şəbəkəsinin üzvləri üçün xüsusi təlimatlar hazırlanır, təhlükəsizlik, müşahidədən yayınma və sorğular zamanı davranış qaydaları öyrədilir. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin kəşfiyyat fəaliyyətinə cəlb olunmasına qəti qadağa qoyulduğu vurğulanır.
Məqalədə qeyd edilir ki, xaricdə yaşayan bəzi ukraynalılar da işğal olunmuş bölgələr barədə məlumatların dəqiqləşdirilməsi prosesində iştirak edirlər. Onlar doğulduqları yaşayış məntəqələrinin coğrafiyası və infrastrukturu haqqında məlumatları ilə təhlillərə dəstək verirlər.
Müqavimət üzvlərinin sözlərinə görə, fəaliyyətlərinin müəyyən hissəsinin ictimaiyyətə açıqlanması məqsədyönlü xarakter daşıyır. Məqsəd Rusiya hərbçiləri arasında daim təhlükə hissi yaratmaq və onların hər bir yerli sakindən şübhələnməsinə səbəb olmaqdır.
Bu arada, müharibə ilə bağlı digər açıqlamalarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin hərbi əməliyyatlarda daha sərt üsullardan istifadə etmədiyini iddia edib. O, bunu rusdilli əhalinin yaşadığı ərazilərdə genişmiqyaslı dağıntıların qarşısını almaq istəyi ilə əlaqələndirib.
Bununla yanaşı, Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri Rusiyanın Donbas üzərində tam nəzarət qurmaqla bağlı iddialarının hazırkı hərbi vəziyyət fonunda real görünmədiyini bildirirlər. Ekspertlərin fikrincə, Moskvanın irəli sürdüyü genişmiqyaslı ərazi hədəfləri cəbhədəki faktiki vəziyyətlə tam uyğun gəlmir.





















